ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) istintaqlarda kommersiya reklam texnologiyaları məlumatlarından istifadə imkanını araşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Qeyd olunur ki, yanvar ayında ICE "Big Data" və "Ad Tech" təchizatçılarının idarənin istintaqlarına necə kömək edə biləcəyi barədə sorğu göndərib.
Söhbət alış-verişlər, onlayn fəaliyyət, saytlara baxış, tətbiq və sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatlardan gedə bilər. Sənəddə qeyd olunur ki, idarə potensial əməkdaşlıq üçün bir neçə şirkət seçmək niyyətindədir. Bununla belə, sorğu tədqiqat və informasiya xarakterli adlandırılıb.
Ekspertlər belə məlumatların ABŞ Prezidenti Donald Trampın administrasiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində istifadə oluna biləcəyindən narahatlıqlarını ifadə edirlər. "Scope3" reklam şirkətinin rəhbəri Brayan O'Kellinin sözlərinə görə, miqrantların axtarışı və izlənməsi üçün reklam ekosisteminin tətbiqi məsələsinin qaldırılmasının özü ciddi narahatlıq doğurur.
ICE-dən vətəndaş azadlıqları və məxfiliyini nəzərə alaraq təhlükəli qanunsuz miqrantların deportasiyası üçün bütün qanuni vasitələrdən istifadə edildiyi bildirilib.
Nəşr qeyd edir ki, ABŞ-də hələlik şirkətlərin belə kommersiya məlumatlarını federal qurumlara satmasını birbaşa qadağan edən qanun yoxdur. Əvvəllər belə məlumatları ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, ICE, Gömrük-Sərhəd Xidməti və digər idarələr satın alıb.
Daha əvvəl ABŞ Konqresinə federal agentliklərin məhkəmə orderi olmadan broker məlumatlarına çıxışını məhdudlaşdıran qanun layihələri təqdim edilib, lakin bu təşəbbüslərlə irəliləyiş əldə olunmayıb.