Dünya
367
21:03, Bu gün

"Mini-cəhənnəm": Avropanı ekstremal istilər bürüyüb - Alimlərdən xəbərdarlıq

"Avropada rekord istilərə səbəb olan "istilik qübbələri" iqlim dəyişikliyi fonunda getdikcə daha tez-tez təkrarlanacaq..."

Mayın 23-24-dən etibarən Avropanın böyük hissəsi anomal istilərin təsiri altına düşüb. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Portuqaliya və digər ölkələrdə temperatur mövsüm normasını 12-15 dərəcə üstələyib.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.

Avropada rekord temperaturlara səbəb "istilik qübbəsi"dir

Sinoptiklər bunu region üzərində formalaşan "istilik qübbəsi" fenomeni ilə izah edirlər. Yerli sakinlər isə vəziyyəti "mini-cəhənnəm" adlandırırlar.
Böyük Britaniyada mayın 25-də 1922-ci ildən bəri qüvvədə olan istilik rekordu yenilənib. Londonun "Hitrou" hava limanında temperatur 33,5 dərəcəyə çatıb ki, bu da ölkə üzrə may ayı üçün mütləq rekord sayılır. 

Meteoroloqlar bildirirlər ki, növbəti günlərdə bu göstərici daha da yüksələ bilər. Fransada isə ən azı 350 yaşayış məntəqəsində may ayı üzrə temperatur rekordları qırılıb. Ölkənin qərbində 37 dərəcə isti qeydə alınıb. Fransız sinoptikləri xəbərdarlıq edir ki, həftənin sonuna doğru temperatur bəzi bölgələrdə 40 dərəcəyə çata bilər.

Ölüm halları və fövqəladə xəbərdarlıqlar

Fransada 31 departament üçün yüksək istilik xəbərdarlığı elan olunub. Bu, 2004-cü ildən bəri ilk dəfədir ki, ölkədə may ayında belə sistem işə salınır. Son günlər Fransada keçirilən idman yarışlarında iki nəfərin ürəktutmadan ölməsi də məhz istilərlə əlaqələndirilir. Parisdə keçirilən qaçış zamanı 53 yaşlı kişi, Lionda isə qadın iştirakçı həyatını itirib.

İspaniya və İtaliyada da hakimiyyət orqanları fövqəladə tədbirlər görməyə başlayıb. İtaliyanın Roma ətrafındakı Lazio bölgəsində günün ən isti saatlarında açıq havada işləməyə məhdudiyyət tətbiq olunub. Qaydalar xüsusilə kənd təsərrüfatı və tikinti sektoruna şamil edilir.

Alimlər xəbərdarlıq edir: bu artıq yeni normaya çevrilir

Fransanın "Meteo-France" xidməti bildirir ki, istilərin əsas səbəbi Şimali Afrikadan, xüsusilə Mərakeşdən gələn isti hava kütlələrinin yüksək təzyiq zonası altında sıxışıb qalmasıdır. Bu proses "istilik qübbəsi" adlanır və temperaturun kəskin yüksəlməsinə səbəb olur.

İqlimşünas Kristof Kassu bu hadisəni "misilsiz" adlandıraraq bildirib ki, belə istilərin sənaye dövründən əvvəl baş verməsi faktiki olaraq mümkün deyildi.
Britaniyalı meteoroloq Qreq Dyuxerst isə vəziyyəti "iqlim dəyişikliyinin canlı sübutu" kimi xarakterizə edib. Onun sözlərinə görə, Avropa gələcəkdə bu cür ekstremal istilərlə daha tez-tez və daha erkən dövrlərdə qarşılaşacaq.

Araşdırmalara görə, ötən yay Avropada anomal istilərlə bağlı təxminən 24 min 400 ölüm hadisəsi qeydə alınıb və onların 68 faizi birbaşa iqlim dəyişiklikləri ilə əlaqələndirilir. Mütəxəssislər bildirir ki, hər il dünyada istilər səbəbindən ölənlərin sayı sel, zəlzələ və qasırğaların birlikdə yaratdığı itkilərdən daha çoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər