Cənubi Qafqazda artan geosiyasi rəqabət fonunda Ermənistanın daxili siyasi prosesləri artıq yalnız yerli idarəetmə məsələsi kimi deyil, daha geniş regional dinamikanın tərkib hissəsi kimi dəyərləndirilir. Seçki dövrünün yaxınlaşması ilə paralel olaraq informasiya mühitində fəallığın artması, müxtəlif təsir mexanizmlərinin güclənməsi və siyasi texnologiyaların daha intensiv tətbiqi regiondakı sabitlik və güc balansına birbaşa təsir göstərən amillər sırasında yer alır. Bu vəziyyət Ermənistanın siyasi gələcəyinə yönələn xarici və daxili təsir cəhdlərini həm ölkədaxili sabitlik, həm də Azərbaycan–Ermənistan normallaşma prosesi baxımından aktual müzakirə mövzusuna çevirir.
Eyni zamanda, Ermənistanda yayıldığı iddia olunan bəzi sənədlərdə 2026-cı il seçkiləri ərəfəsində mövcud hakimiyyətə qarşı əlaqələndirilmiş siyasi və media fəaliyyətlərinin aparılması, yeni siyasi qruplaşmaların formalaşdırılması və Rusiya ilə münasibətlərin gücləndirilməsinə dair planların olduğu barədə məlumatlar yer alır.
Bu iddialar həqiqi siyasi transformasiya hazırlığının göstəricisidirmi, yoxsa ictimai rəyə təsir məqsədi daşıyan informasiya yönlü kampaniyanın bir hissəsidirmi?
Ümumilikdə bu proseslərin regionun sabitliyinə və Azərbaycan–Ermənistan sülh gündəliyinə mümkün təsirləri də müzakirə mövzusudur.
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlama verib.
Deputat qeyd edib ki, hazırda Ermənistan növbəti dəfə taleyüklü seçim qarşısındadır:
"Belə ki, İyun ayının 7- də keçiriləcək parlament seçkilərinin nəticələri uzun müddət üçün Ermənistanın gələcək inkişaf trayektoriyasını müəyyən edəcək.Ona görə də Cənubi Qafqaza maraq göstərən güc mərkəzlərinin, o cümlədən Avropa İttifaqının, ABŞ- nın və Rusiyanın seçkiqabağı vəziyyəti diqqətlə izlədiyini və yeri gəldikcə bu və ya digər şəkildə hadisələrə müdaxilə etdiklərini görürük. Belə mühüm seçkilər ərəfəsində proseslərə xarici müdaxilə olduqca təhlükəlidir və bu müdaxilə açıq-aşkar görünməkdədir. Seçki günü yaxınlaşdıqca xüsusilə Rusiyadan eşidilən təzyiq və təhdidlər də intensivləşməkdədir.
Ermənistandakı Rusiyapərəst qüvvələrin revanş cəhdləri Rusiya siyasi dairələri və mediası tərəfindən ciddi şəkildə dəstəklənir. Lakin son 6 ildə bölgədə baş vermiş hərbi- siyasi dəyişikliklər Ermənistan cəmiyyətində hadisələrə qismən də olsa adekvat baxış formalaşdırıb. Erməni cəmiyyətinin önəmli bir hissəsi Rusiyanın manipulyasiyalarını başa düşür, düzgün qiymətləndirir və buna görə də Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” hərakatını dəstəkləyir.
Hazırda Rusiyanın Ermənistanda dövlət çevrilişi həyata keçirmək imkanları məhduddur. Lakin buna baxmayaraq ictimai rəyə təsir göstərmək məqsədilə təzyiq və təhdidlərdən, açıq hədələrdən kifayət qədər geniş istifadə olunur.Müşahidələr göstərir ki, bu cəhdlər erməni cəmiyyətində müəyyən qədər əks reaksiya doğurur və mövcud hökümətin daha fəal dəstəklənməsinə səbəb olur. Beləliklə Rusiya özünün Ermənistandakı “proksi” qüvvələrinə “ ayı xidməti” göstərmiş olur. Mövcud durumu nəzərə alaraq Ermənistanda yaxın zamanda keçiriləcək seçkilərdə Paşinyan hökümətinin qalib gələcəyini güman edirəm".
Pərvin Şakirqızı