"Kiyevin yaxın illərdə Aİ-yə qəbulu reallıq deyil və bu müzakirələr dayandırılmalıdır..."
Avropada Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı əvvəlki nikbin bəyanatlar getdikcə daha ehtiyatlı açıqlamalarla əvəz olunur.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri yazıb.
Vədlər reallıqdan uzaqdır
Nəşr yazır ki, artıq Avropa liderləri Kiyevə verilən vədlərin reallıqdan uzaq olduğunu gizlədə bilmirlər.
Məqalədə qeyd olunur ki, Almaniya kansleri Fridrix Merts əvvəlcə Ukraynaya "simvolik üzvlük", daha sonra isə "assosiativ üzvlük" təklif edib. Lakin Vladimir Zelenski bu variantları qəbul etməyərək tamhüquqlu üzvlük istədiyini bildirib.
Nəşrin fikrincə, Avropa İttifaqı hazırda müharibə şəraitində olan bir ölkə ilə üzvlük danışıqları aparmamalıdır. Məqalədə vurğulanır ki, Ukrayna üçün xüsusi model yaradılması həm Avropa İttifaqı (Aİ) daxilində ciddi mübahisələrə, həm də digər namizəd ölkələrin narazılığına səbəb olacaq.
Ukrayna üzvlüyü Avropanın imkanlarını aşır
"Die Welt" yazır ki, Ukraynanın iqtisadi vəziyyəti və korrupsiya problemi Aİ üçün əlavə yük yarada bilər. Nəşr qeyd edir ki, ölkədə adambaşına düşən ÜDM Bolqarıstandan təxminən dörd dəfə aşağıdır və Kiyevin Avropa standartlarına uyğunlaşdırılması milyardlarla avro tələb edəcək.
Məqalədə həmçinin bildirilir ki, Ukrayna ordusunun Rusiyaya qarşı müqaviməti və müdafiə sənayesinin innovativ imkanları böyük hörmət doğurur. Lakin müəllifin fikrincə, bu, avtomatik şəkildə Aİ üzvlüyü anlamına gəlməməlidir. Nəşr hesab edir ki, Avropa hazırda Ukraynaya üzvlük vədləri vermək əvəzinə daha çox silah, maliyyə yardımı və bərpa investisiyaları təqdim etməlidir.
Üzvlük ən azı 10-15 il ərzində illüziya olaraq qalacaq
Məqalədə vurğulanır ki, Ukraynanın yaxın illərdə Aİ-yə daxil olması real görünmür. Müəllif hesab edir ki, Brüssel və Vaşinqton əvvəldən Kiyevə həddindən artıq nikbin vədlər verməklə yanlış gözləntilər formalaşdırıb.
"Die Welt" yazır ki, Ukrayna Avropanın bir hissəsidir, lakin onun Aİ-yə qəbulu hazırda ittifaqın siyasi və iqtisadi imkanlarını aşır. Nəşr sonda bildirir ki, Avropa liderləri üzvlük mübahisələrini davam etdirmək əvəzinə, diqqəti müharibənin dayandırılması və Ukrayna üçün real təhlükəsizlik zəmanətlərinin yaradılmasına yönəltməlidirlər.