Dünya
427
19 May 2026 | 23:40

"İnsanların işləmədən yaşaya bildiyi ölkə": Lixtenşteynin rifah sirri

"Avropanın kiçik knyazlığı yüksək maaşlar, güclü sosial təminat və sabit iqtisadiyyatı ilə dünyanın ən zəngin ölkələrindən birinə çevrilib..."

Lixtenşteyn çox vaxt insanların işləmədən yaşaya bildiyi ölkə kimi təqdim olunur. Bu fikir müəyyən qədər şişirdilmiş səslənsə də, onun arxasında həqiqətən dünyanın ən uğurlu iqtisadi modellərindən biri dayanır.

Moderator.az xəbər verir ki, bu barədə "el.kz" nəşri yazıb.

"Milyonçular ölkəsi" necə yarandı?

Nəşr yazır ki, İsveçrə və Avstriya arasında yerləşən, cəmi 40 minə yaxın əhalisi olan bu kiçik knyazlıq uzun illərdir maliyyə sabitliyi, yüksək maaşlar və sakit həyat tərzi ilə tanınır. Ölkədə sakinlərin sayından daha çox şirkət qeydiyyatdan keçib. Lixtenşteyn Avropanın əsas maliyyə mərkəzlərindən biri sayılır və aşağı vergilər, sabit bank sistemi sayəsində beynəlxalq biznesi cəlb edir.

Bununla belə, iqtisadiyyat yalnız bank sektoruna əsaslanmır. Burada yüksək texnologiyalar, maşınqayırma, sənaye və tibb sahələri də aktiv inkişaf edir. Kiçik əraziyə baxmayaraq, ölkədə fəaliyyət göstərən şirkətlərin məhsulları dünyanın müxtəlif yerlərinə ixrac olunur. Ekspertlərin fikrincə, bugünkü rifahın əsasında onilliklər boyu aparılan sabitlik yönümlü iqtisadi siyasət dayanır.

Doğrudanmı burada işləmədən yaşamaq mümkündür?

Əslində işləmədən yaşaya bilənlər əsasən köhnə varlı ailələrin nümayəndələri və iri kapital sahibləridir. Əhalinin böyük hissəsi üçün isə iş normal həyatın vacib hissəsi olaraq qalır. Lixtenşteyndə işsizlik səviyyəsi dünyanın ən aşağı göstəricilərindən biridir - təxminən 1,5-2,5 faiz. Hətta ölkədə iş yerlərinin sayı sakinlərin sayından çoxdur.

Hər gün minlərlə insan İsveçrə və Avstriyadan buraya işləməyə gəlir. İşləyənlərin təxminən yarısı ölkə xaricində yaşayır. Burada pula münasibət də fərqlidir. Cəmiyyətdə nümayişkaranə zənginlikdən daha çox peşəkarlıq, nüfuz və ümumi rifaha töhfə qiymətləndirilir.

Orta aylıq maaş 7-7,5 min İsveçrə frankı (7900-8475 dollar) təşkil edir. Yüksək ixtisaslı mütəxəssislər - IT memarları, həkimlər, mühəndislər və şirkət rəhbərləri ayda 13 600 dollardan çox qazana bilirlər. Xidmət sektorunda çalışanlar belə adətən 4-4,5 min dollardan az maaş almırlar. Lakin yaşayış xərcləri də çox yüksəkdir. İkiotaqlı mənzilin kirayəsi ayda 2 min dollardan çox, tibbi sığorta isə bir nəfər üçün təxminən 400 dollara başa gəlir.

Güclü sosial sistem və sakit həyat modeli

Lixtenşteynin pensiya sistemi Avropanın ən dayanıqlı modellərindən biri hesab olunur. Sistem dövlət pensiyası, məcburi yığım və özəl fondlardan ibarətdir. Minimum dövlət pensiyası təxminən 1300 dollar, maksimum isə 2750 dollardır. Lakin əksər yaşlı sakinlər əlavə yığım hesabına ayda  4-5,5 min dollar gəlir əldə edir.

Ölkədə sosial dəstək sistemi də çox güclüdür. Ailələr uşaqlara görə aylıq müavinət alır, işsizlik ödənişləri isə əvvəlki maaşın 70-80 faizə çata bilir. Analıq məzuniyyəti demək olar ki, tam ödənilir, tibbi sığorta isə xərclərin böyük hissəsini qarşılayır.

Lixtenşteyn qeyri-adi həyat tərzi ilə də seçilir. Ölkənin ordusu yoxdur - o, hələ XIX əsrdə ləğv edilib. Cinayət səviyyəsi o qədər aşağıdır ki, bəzi yaşayış məntəqələrində insanlar gecələr qapıları kilidləmir. Günün ortasında ölkədə qeyri-rəsmi "sükut saatı" da mövcuddur: nahar vaxtı səs-küy salmaq, ot biçmək və yüksək musiqi ilə məclis keçirmək qəbul edilmir.

Bütün yüksək rifaha baxmayaraq, Lixtenşteynə köçmək çox çətindir. Hakimiyyət əhalinin sayını və iqtisadi balansı qorumaq üçün yaşayış icazələrini ciddi məhdudlaşdırır. Daimi yaşamaq hüququ əsasən kvotalar, evlilik və ya böyük investisiyalar vasitəsilə əldə edilir. Məhz buna görə Lixtenşteyn həm Avropanın ən zəngin, həm də ən qapalı və sabit ölkələrindən biri hesab olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər