Dünya
169
18:30, Bu gün

"Merkel, Zelenski və Sandu Avropa ordeni aldı" - "Deutsche Welle"

"Avropa Parlamenti demokratiya və Avropa dəyərlərinə töhfə verən siyasətçi və ictimai xadimləri mükafatlandırıb..."

Ukrayna prezidenti Vladimir Zelenski, Almaniyanın keçmiş kansleri Angela Merkel və Polşanın keçmiş prezidenti, "Solidarnost" hərəkatının lideri Lex Valensa Avropa Xidmət Ordeni ilə təltif olunub.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, mükafatlandırma mərasimi Avropa Parlamentində, Strasburqda keçirilib. Zelenski ali dərəcəli ordenə layiq görülsə də, mərasimdə iştirak etməyib. Merkel və Valensaya mükafatı Avropa Parlamentinin sədri Roberta Metsola təqdim edib.

Sandunun çıxışı etirazla kəsildi

Mərasimdə ümumilikdə 20 nəfər mükafatlandırılıb. Onların arasında Moldova prezidenti Maya Sandu və ukraynalı hüquq müdafiəçisi Aleksandra Matviyçuk da olub. Digər laureatlar sırasında İrlandiyanın məşhur U2 qrupunun üzvləri, Avropa diplomatiyasının keçmiş rəhbəri Xavyer Solana və Finlandiyanın sabiq prezidenti Sauli Niinistö yer alıb.

Maya Sandunun çıxışı zamanı isə qalmaqal yaşanıb. Özünü moldovalı jurnalist kimi təqdim edən şəxs tribunadan onu təhqir edib və "diktator" adlandırıb. Təhlükəsizlik əməkdaşları həmin şəxsi zaldan çıxardıqdan sonra iştirakçılar Sandunu alqışlarla dəstəkləyib.

"Avropa bizə hazır şəkildə verilməyib"

Avropa Parlamentinin sədri Roberta Metsola çıxışında bildirib ki, Avropa İttifaqı insanlara "hazır şəkildə verilməyib", əksinə, müharibələr və böhranlar fonunda addım-addım qurulub. Onun sözlərinə görə, Avropa XX əsrin dağıntılarından sonra həmrəyliyi seçən insanların səyi nəticəsində formalaşıb və bu gün də bəşəriyyət tarixinin ən böyük siyasi nailiyyətlərindən biri hesab olunur.

Ukraynalı hüquq müdafiəçisi Aleksandra Matviyçuk isə çıxışında Ukraynanın əsrlərlə Rusiya imperiyasının kölgəsində qaldığını deyib: "Avropa, biz geri döndük. Biz Avropa sivilizasiyasına qayıdırıq və bunun üçün ən ağır bədəli ödəyirik". Onun sözlərinə görə, Putin təkcə Ukrayna torpaqlarını işğal etmək istəmir, həm də Ukraynanı Avropaya açılan körpü kimi görür.

Yeni Avropa ordeni

Avropa Parlamenti yeni ordeni Avropa İttifaqının ilk ümumavropa mükafatlarından biri adlandırır. Orden Avropa inteqrasiyasının başlanğıcı sayılan Şuman Bəyannaməsinin 75 illiyi münasibətilə təsis edilib. Qaydalara əsasən, mükafat Avropa birliyi, demokratiya və Avropa dəyərlərinin müdafiəsinə xüsusi töhfə verən şəxslərə təqdim olunur. Eyni zamanda, ağır cinayət və ya Avropa İttifaqı prinsiplərinə zidd fəaliyyət hallarında orden geri alına bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər