ABŞ Ebola təhlükəsinə görə vətəndaşlarını iki ölkəyə getməməyə çağırdı
Dünya
80
18:00, Bu gün

ABŞ Ebola təhlükəsinə görə vətəndaşlarını iki ölkəyə getməməyə çağırdı

Amerika Birləşmiş Ştatları Ebola virusunun sürətlə yayılması ilə əlaqədar Konqo Demokratik Respublikasına (KDR) və Uqandaya səfərlər üçün məhdudiyyətlər tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində açıqlama verilib.

Bildirişdə qeyd olunur ki, ölkənin Konqo Demokratik Respublikasında fəaliyyət göstərən səfirliyi hazırkı şəraitdə ABŞ vətəndaşlarına lazımi yardım göstərmək imkanında deyil. Dövlət Departamenti əhaliyə Uqandaya və KDR-in müxtəlif ərazilərinə zərurət olmadan getməməyi məsləhət görüb, səfərdə olanlardan isə bütün təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tələb edib.

Xatırladaq ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adıçəkilən iki ölkədə Ebola virusunun yayılmasını beynəlxalq miqyaslı fövqəladə hal kimi qiymətləndirmişdi.

Məlumat üçün bildirək ki, Ebola infeksiyası insanlara vəhşi heyvanlardan keçir. Xəstəlik özünü əvvəlcə yüksək hərarət, baş və əzələ ağrıları, həmçinin boğazda ağrılarla büruzə verir. Daha sonrakı mərhələdə qaraciyər və böyrəklərin fəaliyyətində pozuntular yaranır, bəzən isə xarici və daxili qanaxmalarla müşayiət edilir. Bəşəriyyət tarixində Ebola virusuna ilk yoluxma faktı 1976-cı ildə məhz hazırkı Konqo Demokratik Respublikasının ərazisində aşkar edilib. Ən genişmiqyaslı epidemiya isə 2014-2016-cı illərdə Qərbi Afrika dövlətlərini - Syerra-Leone, Qvineya və Liberiyanı əhatə edib, həmin vaxt xəstəlikdən ölənlərin sayı 11 mindən çox olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər