Qərbin müdafiə sənayesi müəssisələri Hörmüz boğazında gəmilərin müşayiəti və minaların təmizlənməsi prosesinə yeni dəniz pilotsuz aparatlarını cəlb etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşrində məlumat dərc olunub.
Məlumata görə, mühüm dəniz marşrutunda təhlükəsiz hərəkəti bərpa etmək məqsədilə beynəlxalq təşəbbüslər çərçivəsində Böyük Britaniya Kanadanın "Kraken Robotics" müəssisəsinin istehsal etdiyi avtonom minaaxtaran gəmiləri həmin əraziyə göndərməyə hazırlaşır. Eyni zamanda, Almaniyanın "Atlas Elektronik" şirkətinin "Seafox" adlı muxtar sualtı aparatının da bu əməliyyatlara qoşulması gözlənilir.
Sektor rəhbərləri bildirirlər ki, Hörmüz boğazındakı sözügedən əməliyyatın əsas hədəfi bütün minaları zərərsizləşdirmək yox, ticarət gəmilərinin hərəkətini bərpa etmək üçün təhlükəsiz su dəhlizi formalaşdırmaqdır. Böyük Britaniyanın "SRT Marine" şirkətinin icraçı direktoru Saymon Takerin açıqlamasına əsasən, Fars körfəzi regionundakı sifarişçilərlə aparılan danışıqlarda əsas fikir karvanların hərəkət istiqamətində yolları təmizləyərək genişləndirməkdən ibarətdir. Taker qeyd edib ki, əsas məsələ gəmilərin marşrutu üzərində təhlükə yaradacaq minaların olmamasına zəmanət verməkdir.