Şakira İspaniyada 55 milyon avroluq vergi məhkəməsini qazandı
Dünya
150
17:54, Bu gün

Şakira İspaniyada 55 milyon avroluq vergi məhkəməsini qazandı

İspaniyanın ədliyyə orqanları kolumbiyalı pop-ulduz Şakiranın 2011-ci ilə aid vergi iddiaları ilə əlaqədar əvvəlki qərarı ləğv edib və müğənninin xeyrinə hökm çıxarılıb.

Moderator.az xəbər verir ki, bu məlumat İspaniya Krallığının Milli Məhkəmə Kollegiyasının yaydığı rəsmi mətbuat açıqlamasında öz əksini tapıb.

Dərc olunmuş sənədə əsasən, instansiya Vergi Agentliyi və Mərkəzi İnzibati-İqtisadi Məhkəmənin 2011-ci il üzrə əmlak və gəlir vergisinə dair kəsdiyi cərimələri ləğv edən qərarına qarşı verilən apellyasiya şikayətini təmin edib. Qəbul edilmiş yeni qərara görə, həmçinin müğənni tərəfindən əvvəlcədən ödənilən vəsaitlərin, habelə qanuni faizlərin və məhkəmə prosesinə çəkilən xərclərin geri qaytarılması nəzərdə tutulur. Qeyd olunan ümumi məbləğ 55 milyon avronu üstələyir.

Qərarda vurğulanır ki, sənətçinin 2011-ci il ərzində vergi rezidenti sayılması üçün tələb olunan 183 gündən artıq İspaniyada yaşaması faktı öz təsdiqini tapmayıb. Məhkəmənin gəldiyi qənaətə görə, Şakira həmin il krallıq ərazisində cəmi 163 gün vaxt keçirib.

Qeyd edək ki, əsl adı Şakira Ripoll olan 49 yaşlı sənətçi dünya miqyasında təkcə vokalist kimi deyil, eyni zamanda, bəstəkar, rəqqasə, səs prodüseri, xoreoqraf və model kimi şöhrət qazanıb. Həm ispandilli, həm də ingilisdilli musiqi sənayesində böyük nailiyyətlər əldə edən ifaçı ən populyar Latın Amerikası ulduzlarından biri sayılır. Sənətçinin, həmçinin Los-Ancelesdəki Şöhrət xiyabanında şəxsi ulduzu mövcuddur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər