Qırğıstanın Bişkek şəhərinin deputatı Elnura Duyshekeeva WUF13 çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya Assambleyasında çıxışı zamanı iqlim dəyişiklikləri və vətəndaşların hakimiyyətə olan etimadının azalması kimi çağırışlarla qarşı-qarşıya qaldıqlarını bildirib.
Moderator.az-ın məlumatına görə, qırğız deputat qeyd edib ki, problemlərin həllində əsas məsuliyyəti məhz yerli və regional idarəetmə orqanları öz üzərinə götürür.
Onun sözlərinə görə, insanların gündəlik tələblərini ən yaxından eşidən və qəbul olunan qərarların keyfiyyətinə cavabdeh olan məhz şəhərlərdir:
"Bu gün bələdiyyələr artıq yalnız qərarların icraçısı ola bilməz. Onlar qlobal dialoqun tamhüquqlu iştirakçılarına, davamlı gələcəyin və çoxsəviyyəli idarəetmənin yeni modelinin formalaşdırılmasında tərəfdaşlara çevrilməlidirlər. Qırğızıstan hazırda vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bir sıra təşəbbüsləri həyata keçirir. Bunlara əlçatan mənzillərin inkişafı, şəhər infrastrukturunun modernləşdirilməsi, dövlət və bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması, regionların dəstəklənməsi və büdcə prosesinin şəffaflığının artırılması daxildir. Şəhər və kəndlərin davamlı inkişafına, ekoloji təhlükəsizliyə, əhalinin sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, həmçinin dövlət və yerli idarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir".
Deputat həmçinin qadınların və gənclərin idarəetmədə və qərarların qəbulunda iştirakını dəstəklədiklərini qeyd edib:
"Çünki inklüzivlik və geniş ictimai iştirak olmadan davamlı inkişaf mümkün deyil. Şəhərlər və regionlar arasında beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və praktik həll yollarının birgə axtarışı xüsusi əhəmiyyət daşıyır. Bu gün yerli hakimiyyət orqanları yalnız qərarların icraçısı deyil, həm də qlobal inkişaf prosesinin fəal iştirakçıları olmalıdır. Biz əminik ki, güclü şəhərlər və güclü regionlar davamlı dövlətin və sabit dünyanın əsasını təşkil edir".