Dünya
222
13:30, Bu gün

"Moskvaya kütləvi PUA hücumu: neft sənayesi və hərbi  obyektlər hədəfdə" - Rusiya KİV-ləri

"Rusiya hakimiyyəti 3 nəfərin öldüyünü, onlarla insanın yaralandığını açıqlayıb..."

Mayın 17-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatları hücumuna məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə "lenta.ru" nəşri məlumat yayıb.

Moskva üzərində gecə hücumu

Məlumata görə, zərbələr nəticəsində bir sıra strateji obyektlərdə yanğınlar baş verib. Hücumların əsas hədəflərindən birinin Moskva yaxınlığındakı Zelenoqradda yerləşən "Elma" elmi-istehsalat kompleksi olduğu bildirilir. 

Yerli sakinlərin sözlərinə görə, hava həyəcanından qısa müddət sonra güclü partlayış səsləri eşidilib və ərazi üzərində qatı qara tüstü müşahidə olunub. Kompleksdə mikroelektronika və ikili təyinatlı komponentlər istehsal edən 150-dən çox şirkətin fəaliyyət göstərdiyi qeyd olunur.

Neft obyektləri və yaşayış binaları zərbə altında

OSINT mənbələrinin yaydığı məlumata əsasən, Moskva vilayətinin Durıkino kəndində yerləşən Solneçnoqorsk yanacaq-doldurma stansiyası da dron hücumuna məruz qalıb. Şahidlərin paylaşdığı görüntülərdə iri yanğının baş verdiyi görünür. 

Bildirilir ki, obyekt benzin və dizel yanacağının saxlanılması və nəqli üçün istifadə olunur. Moskva meri Sergey Sobyanin hücum nəticəsində 12 nəfərin yaralandığını, üç yaşayış binasına ziyan dəydiyini açıqlayıb. Onun sözlərinə görə, Moskva neft emalı zavodunun texnoloji infrastrukturu ciddi zərər görməyib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə Ximki və Mıtişi rayonlarında dron zərbələri nəticəsində azı 3 nəfərin öldüyünü bildirib. Dağıntılar altında qalan şəxslərin olduğu da qeyd edilir.

Ryazan neft emalı zavoduna zərbənin nəticələri açıqlanıb

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Moskva bölgəsi də daxil olmaqla ölkə ərazisində 556 pilotsuz aparatın vurulduğunu iddia edib. Hücumlar fonunda Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Bu arada Ukrayna Baş Qərargahı mayın 15-də Ryazan neft emalı zavoduna endirilən zərbələrin nəticələrini açıqlayıb. Bildirilib ki, zavodun bir neçə neft emalı qurğusu və dizel yanacağının hidro-təmizləmə sistemi zədələnib. Ukrayna tərəfi həmin müəssisənin Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynadığını vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər