Dünya
276
14:55, Bu gün

"Rusiya Kupyanskla bağlı vəziyyəti şişirdir": ISW Kreml iddialarını təkzib etdi

"Analitiklər bildirir ki, Rusiya ordusu şəhərin yalnız kiçik hissəsinə daxil ola bilib və irəliləyişlə bağlı açıqlamalar reallığı əks etdirmir..."

Rusiya hərbi rəhbərliyinin Xarkov vilayətindəki vəziyyətlə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Gerasimovun açıqlamaları şübhə altına alındı

Analitiklərin fikrincə, Kreml ardıcıl olaraq cəbhədəki uğurlarını şişirdir və xüsusilə Kupyansk istiqamətində irəliləyiş barədə yanlış təsəvvür yaratmağa çalışır. Hesabatda qeyd olunur ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov mayın 16-da Kupyansk, Borova və Liman istiqamətləri üzrə bir sıra iddialar səsləndirib.

O, rus qoşunlarının Kupyanskın qərbində irəlilədiyini və Şevçenkovo istiqamətinə yaxınlaşdığını bəyan edib. ISW isə bildirir ki, bu açıqlamalar şəhərin artıq nəzarətə götürüldüyü görüntüsü yaratmağa hesablanıb.

Kupyansk tam nəzarətdə deyil

Analitiklərin məlumatına görə, Rusiya qüvvələri hazırda Kupyanskda möhkəmlənmiş mövqelərə malik deyil və şəhərdə yalnız bir neçə diversiya qrupu fəaliyyət göstərir. ISW hesab edir ki, rus qoşunları Kupyansk ərazisinin cəmi 14, 2 faizinə, Kutkivkanın 6, 5 faizinə və Limanın isə 0, 06 faizinə daxil ola bilib.

Hesabatda vurğulanır ki, Rusiya ordusu həm Ukraynanın əks-hücumlarını dəf etmək, həm də genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün kifayət qədər resurs ayıra bilmir. Buna görə də taktiki və operativ baxımdan əhəmiyyətli nəticələr əldə olunmur.

Kreml öz təbliğatına inanmağa başlayıb

ISW-nin qənaətinə görə, Kreml rəhbərliyi ya cəbhədəki real vəziyyəti qəbul etmək istəmir, ya da öz yaydığı şişirdilmiş məlumatlara inanmağa başlayıb. Analitiklər qeyd edir ki, Ukrayna müdafiə xətti 2026-cı ilin yaz-yay hücumlarına qarşı davam gətirir və bəzi istiqamətlərdə təşəbbüs uğrunda mübarizə aparır.

Bu arada Ukrayna tərəfi bildirir ki, Rusiya Pokrovsk və Konstantinovka istiqamətlərinə əlavə qüvvələr cəmləşdirir. Ukrayna prezidenti Vladimir Zelenski isə daha əvvəl Rusiyanın Belarusu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışdığını açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər