Dünya
213
15:20, Bu gün

"Tramp-Si Tszinpin görüşündən Çin qalib çıxdı" - "Reuters"

"Pekin Vaşinqtonla qarşıdurmada daha sabit və proqnozlaşdırılan tərəf kimi görünməyi bacardı..."

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Tszinpin arasında Pekində keçirilən danışıqlar məhdud nəticələr versə də, əsas siyasi üstünlük Çinə məxsus olub.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Pekin Vaşinqtonu əvvəlki qarşıdurma xəttinə qaytardı

Agentliyin məlumatına görə, görüş göstərdi ki, ötən ilki sərt ticarət müharibəsindən sonra tərəflər yenidən daha ənənəvi iqtisadi və geosiyasi rəqabət mərhələsinə qayıdıblar. 

Analitiklər bildirir ki, Tramp administrasiyasının əvvəl tətbiq etdiyi yüksək tariflər və təzyiq siyasəti gözlənilən nəticəni verməyib. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çin üzrə eksperti Skott Kennedi hesab edir ki, Ağ Evin əvvəlki sərt xəttdən geri çəkilməsi Pekinin mövqelərini gücləndirib.

"Qızıl əməkdaşlıq dövrü" artıq geridə qalıb

Ekspertlərin fikrincə, sammit ABŞ və Çin arasında münasibətlərin əvvəlki əməkdaşlıq modelinə qayıtmayacağını göstərib. Pekin Universitetinin professoru Tszuy  Şoutszyun bildirib ki, tərəflər artıq uzunmüddətli rəqabətin qaçılmaz olduğunu qəbul edirlər.

Onun sözlərinə görə, görüşlər Çin-Amerika münasibətlərində "aydın rəqabət" mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Si Tszinpin isə bu həftə ölkələr arasındakı münasibətləri "konstruktiv strateji sabitlik" adlandırıb.

"Reuters" qeyd edir ki, Tramp administrasiyası əvvəl tariflər vasitəsilə Çini güzəştlərə məcbur etməyə çalışsa da, Pekin həm cavab rüsumları tətbiq edib, həm də ABŞ sənayesi üçün vacib mineralların ixracını məhdudlaşdırmaqla təzyiq göstərib.

İran və Ukrayna məsələsində dönüş olmadı

Görüş zamanı Çin tərəfindən ABŞ-a İran müharibəsinin dayandırılması ilə bağlı açıq dəstək verilməyib. Analitiklər hesab edir ki, sammit müəyyən sabitlik görüntüsü yaratsa da, əsas fikir ayrılıqları dəyişməz qalıb. Ağ Ev isə danışıqların ABŞ üçün konkret nəticələr verdiyini bildirərək "Boeing" təyyarələrinin satışı və aqrar sahədə ixrac razılaşmalarını önə çıxarıb.

Bu arada Çin xarici işlər naziri Van Yi Tramp və Si Tszinpin arasında Ukrayna məsələsinin də müzakirə olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, mürəkkəb beynəlxalq böhranların "bir addımla" həlli mümkün deyil və Pekin Vaşinqtonla birlikdə siyasi həll yolları üzrə dialoqu davam etdirməyə hazırdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər