"Amerika Birləşmiş Ştatlarında həbs edilən Venesuela lideri Nikolas Maduro hazırda 18 nəfərin yerləşdiyi olduqca sıx bir kamerada qalır".
Moderator.az-ın məlumatına görə, bunu onun oğlu, eyni zamanda, Venesuela Milli Assambleyasının deputatı olan Nikolas Maduro Gerra "Der Spiegel" nəşrinə müsahibəsində deyib.
"İlkin mərhələdə təcridxanada tək qalarkən o, hər səhər bir saatını idmana ayırırdı. Daha sonra isə düşüncələrini qeyd etdiyi bir gündəlik tutmağa başladı. 5 apreldə qeyd edilən Pasxa bayramından etibarən isə atam 18 nəfərlik ümumi kameraya köçürülüb. Həmin şəxslərin təxminən yarısı ispandillidir. Atam onlarla danışır, televizora baxır və ingilis dilini öyrənməyə çalışır", - deyə o bildirib.
O, həmçinin əlavə edib ki, tanınmış ABŞ-li reper Tekashi 6ix9ine da qısa müddət ərzində Maduro ilə eyni kameranı paylaşıb. Maduro Gerra atasının həbsindən bir neçə gün sonra ona təhvil verilən telefonda göndərilməmiş bir səsyazısı tapdığını da diqqətə çatdırıb. Həmin mesajda qeyd olunurdu: "Bombalar yağır, Venesuela vətəndaşları müqaviməti dayandırmamalıdırlar".
Oğlunun sözlərinə görə, "ölkəmiz heç vaxt müstəmləkə olmayacaq" ifadəsinin yer aldığı bu səsyazısı, əslində, bir vida müraciəti idi.
Bütün bunlarla yanaşı, o, ABŞ-nin keçirdiyi əməliyyatın onlar üçün gözlənilməz olduğunu etiraf edib:
"Onların tətbiq etdiyi texnologiyalar bizim üçün tamamilə yeni idi. Nikolas Ernesto olaraq həm onların gücünü zəif hesab etdim, həm də özümüzünkünü həddindən artıq böyütdüm. Ehtimal olunan hücum zamanı səmada nəzarəti əldə saxlaya bilməyəcəyimizi nəzəri cəhətdən dərk etmək başqa, bunu reallıqda yaşamaq isə tamamilə başqa bir şeydir. Atamın təhlükəsizliyini təmin etmək üçün daha artıq səy göstərməli idik, lakin bu məsələdə məğlub olduq".
Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuela ərazisindəki hərbi və mülki obyektlərə zərbələr endirərək prezident Nikolas Maduronu, eləcə də onun xanımı Siliya Floresi saxlayıb ölkədən çıxarıblar. Yanvarın 5-də cütlük Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsi qarşısına çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılan Maduro və xanımı bu ittihamları rədd edərək təqsirsiz olduqlarını vurğulayıblar. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun hakimiyyəti dövründə vitse-prezident olan Delsi Rodriges həyata keçirir.