İsrail rəhbərliyi "Hizbullah" qruplaşmasına ən yüksək səviyyədə zərər yetirmək məqsədilə hərbi əməliyyatların intensivliyini artırıb. Onlar Amerika Birləşmiş Ştatları və İran arasında Livanda davamlı atəşkəs şərtlərini özündə ehtiva edə biləcək ehtimal olunan sazişin imzalanmasını gözləyirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Al-Monitor" nəşri məqalə dərc edib.
"Siyasi vəziyyətlə bağlı tam məlumatımız yoxdur, buna görə də Ağ Evin İsraildən Livanda uzunmüddətli atəşkəs tələb etməsinə kimi əlimizdə nə qədər vaxt qaldığını dəqiq bilmirik. Bu səbəbdən, İsrail Livan hökuməti ilə daha sərfəli şərtlərlə razılaşmaq üçün hazırda "Hizbullah"ı zəiflətmək və ona ən yüksək səviyyədə təzyiq etmək istiqamətində addımlar atır", - deyə məqalədə bildirilib.
Rəsmi Təl-Əviv ABŞ ilə İran arasında baş tuta biləcək sazişin İsrailin "Hizbullah"a təsir etmək imkanlarını ciddi şəkildə məhdudlaşdıracağından ehtiyat edir. Mövcud mərhələdə Vaşinqton İsraili Livan hökuməti ilə müzakirələrə başlamağa məcbur etsə də, İsrail silahlı qüvvələri hələ ki əməliyyatlar zamanı müəyyən sərbəstliyə malikdir. Yəhudi dövləti mövcud zamandan hərbi məqsədlər üçün faydalanmağa cəhd göstərir və paralel olaraq Vaşinqtonun vasitəçiliyi altında Livan rəhbərliyi ilə əlaqələri qoruyub saxlayır.
Qeyd edək ki, mayın 10-da İsrail Müdafiə Qüvvələri bir gün içində Livanın cənub ərazilərində "Hizbullah"a aid 20 hərbi obyektə zərbələr endirdiyini bəyan etmişdi. Mayın 8-də isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqot bildirmişdi ki, İsrail və Livan nümayəndələrinin mayın 14-15-də Vaşinqtonda hərtərəfli sülh və təhlükəsizlik sazişi əldə etmək üçün dərinləşdirilmiş müzakirələr aparması nəzərdə tutulur.