Venesuela BMT baş katibi Antonio Quterreşə ölkə ilə bağlı açıqlamaları səbəbindən rəsmi olaraq sərt etirazını ifadə edib və bəyanatların neytrallıq, obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olduğunu bildirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin kommünikesində məlumat verilib və nazirliyin rəhbəri İvan Hil tərəfindən sosial media hesabında dərc edilib.
Karakas bəyan edib ki, BMT rəhbərinin son açıqlamalarında onun yüksək vəzifəsinə yaraşmayan iddialar var və bunlar təşkilatın nizamnaməsində təsbit olunmuş obyektivlik, ehtiyatlılıq, qərəzsizlik və xoşməramlılıq prinsipləri ilə ziddiyyət təşkil edir.
Bəyanata səbəb Quterreşin Nayrobidə keçirilən mətbuat konfransındakı çıxışı olub. O, Kuba ilə bağlı Venesuelaya bənzər ssenarinin təkrarlanması ehtimalı barədə suala cavab olaraq bildirib ki, iki halın müqayisə edilməsi yersizdir, çünki Venesuela "tamamilə fərqli bir vəziyyətdir". Baş katibin sözlərinə görə, Venesuelada Nikolas Maduroya qarşı "ölkənin siyasi sistemi daxilində olduqca geniş iştirak" iddiası ilə hərbi əməliyyat keçirib.
Venesuela hakimiyyəti buna cavab olaraq bildirib ki, BMT katibliyi sülhü effektiv şəkildə təşviq etmək və nəhəng müasir münaqişələri həll etmək iqtidarında olmadığını nümayiş etdirir. Kommünikedə, həmçinin bildirilir ki, Qəzza zolağında davam edən münaqişə, müharibələrin genişlənməsi və suveren dövlətlərə qarşı birtərəfli sanksiyaların tətbiqi fonunda təşkilat "səssizliyini və ikili mövqeyini" saxlayır və bu da onun mənəvi nüfuzunu zəiflədir.
Karakas, həmçinin bəyan edib ki, BMT daha əvvəl heç vaxt dünya xalqları tərəfindən bu qədər dərin etimad böhranı ilə üzləşməyib. Venesuela hakimiyyəti xatırladıb ki, BMT Nizamnaməsinin 100-cü maddəsi baş katibin üzərinə təşkilatın legitimliyini və beynəlxalq hüquqa hörməti qorumaqla, neytral, qərəzsiz və müstəqil hərəkət etmək öhdəliyini qoyur.