"Müharibənin uzanması, diplomatik dalan və cəmiyyətin azalan dözüm ehtiyatı..."
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə sülh prosesi faktiki olaraq dayanıb.
Moderator.az xəbər verir ki, bu barədə o, "bloomberg.com" nəşrinə müsahibəsində bəyan edib.
Sülh danışıqları dalana dirənib
Onun sözlərinə görə, İran ətrafında gərginliyin artması beynəlxalq diqqəti Ukraynadan yayındırıb və bu da danışıqların "asılı vəziyyətə" düşməsinə səbəb olub. Zelenski qeyd edib ki, nə Rusiyadan, nə də ABŞ-dan danışıqların bərpası ilə bağlı yeni siqnallar daxil olmayıb. Vaşinqtonun mümkün vasitəçiləri - Stiv Uitkoff və Cared Kuşner hələ də Kiyevə səfər ehtimalını nəzərdən keçirirlər.
Onun fikrincə, proseslərin gələcəyi əsasən Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Zelenski həmçinin 9 mayla bağlı iddia edilən atəşkəs təşəbbüsləri barədə rəsmi məlumat almadığını bildirib. O vurğulayıb ki, Ukrayna yalnız real və davamlı atəşkəsi dəstəkləyir və "qısa fasilələrin" taktiki aldatmaya çevrilməsini istəmir.
Müharibə rejimi uzadılır
Bu fonda Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik yenidən uzadılıb. Zelenski bu rejimlərin 2026-cı il avqustun 2-dək qüvvədə qalmasını nəzərdə tutan qanunları imzalayıb.
Beləliklə, 2022-ci ildən bəri artıq 19-cu dəfədir ki, bu cür qərar qəbul edilir. Bu addım müharibənin qısa müddətdə başa çatacağına dair gözləntilərin zəif olduğunu göstərir və ölkənin hələ də uzunmüddətli qarşıdurmaya hazırlaşdığını ortaya qoyur.
Cəmiyyətin gözləntiləri dəyişir
Sosioloji sorğular da vəziyyətin mürəkkəbliyini təsdiqləyir. Araşdırmalara görə, ukraynalıların yalnız təxminən üçdə biri müharibənin 2026-cı ildə başa çatacağına inanır. Əksəriyyət isə bunun ən azı 2027-ci ilə qədər uzanacağını düşünür. Bununla yanaşı, müharibəyə uzun müddət dözməyə hazır olanların payı azalır.
Eyni zamanda, cəmiyyət mümkün güzəştlərə də ehtiyatla yanaşır - respondentlərin böyük hissəsi ərazi itkilərini, hətta təhlükəsizlik zəmanətləri müqabilində belə, qəbuledilməz hesab edir. Beləliklə, həm beynəlxalq diqqətin başqa istiqamətlərə yönəlməsi, həm də daxildə artan yorğunluq Ukrayna ətrafında vəziyyəti daha da qeyri-müəyyən edir.