Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə 1 may saat 23:00-dan 4 may saat 07:00-dək hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq:
Səməd Vurğun küçəsi (A.A.Bakıxanov küçəsindən M.Mirqasımov küçəsinədək olan hissə);
Rəşid Behbudov küçəsi (S.Rəhimov küçəsindən S.Zeynalov küçəsinədək olan hissə);
Vaqif prospekti (C.Hacıbəyli küçəsindən S.Vurğun küçəsinədək olan hissə).
Bundan başqa, Xarici Dairəvi yolda ("20 Yanvar" istiqaməti) 1-3 may tarixlərində, hər gün saat 07:00-23:00-dək qismən məhdudiyyət və 1-4 may tarixlərində, hər gecə saat 23:00-07:00 arası tam məhdudiyyət tətbiq olunacaq.
"Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək", - məlumatda qeyd edilib.