“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” - FOTO+ÖZƏL
276
08:45, Bu gün

“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” - FOTO+ÖZƏL

“Atam bu həyatda bizim ən böyük qazancımız idi, şəhid olandan sonra ən böyük itkimiz oldu. O nə qədər sərt görünüşlü biri olsa da bizimlə uşaqlaşırdı, bizə böyük qayğı göstərirdi. Bütün qız övladlarının atası onların qəhrəmanıdır. Amma mən fəxrlə deyirəm ki, mənim qəhrəmanım bütün Azərbaycanın qəhrəmanı oldu. Atamdan danışmaq bizə hər zaman çətindir. Çünki biz onu kiçik yaşlarımızda itirmişik. Könül istərdi ki, o bizim yanımızda olsun.. Böyüyüb müəyyən yaşa çatandan sonra həmişə elə bilirdim ki, o Ağdamdadır və nə vaxtsa ora gedəndə bizi qarşılayacaq. Bizim düşüncəmizdə atam hələ də sağdır”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı Aynur Bağırova deyib.
 
O daha sonra əlavə edib:
“Bu illər ərzində atamın arzularını yerinə yetirməyə çalışmışıq. O hər zaman bacım Zümrüdə də, mənə də həkimlik peşəsini arzulayırdı. Biz onun arzusunu yerinə yetirdik. Dünyanın ən böyük xoşbəxtliyi Allahverdi Bağırovun qızı olmaqdır. Atamın qəbirüstü abidəsinin qoyulmasını, adının əbədiləşdirilməsini istəyirik. Ailəmiz adından müraciət də etmişəm. Ağdam işğaldan azad olunandan bir neçə ay sonra cənab deputat Ağalar Vəliyev tərəfindən atamın möhtəşəm bir abidəsi hazırlandı. İnşallah gözləyirik ki, layiq olduğu yerdə qoyulacaq. Bilirsiz ki, o futbolçu olub, “Qarabağ” futbol klubununun şərəfini qoruyub. İnşallah ki, Ağdamdakı stadiona da atamın adı verilər. Bu bizim ən böyük arzumuzdur. Ancaq adının əbədiləşdirilməsi bizim ürəyimizə su səpər. Çünki biz o cür atanı itirmişik. Ondan danışanda mən 8 yaşında bir uşaq oluram. Qəhər məni boğur, çox çətinlik çəkirəm”.
 
Aynur Bağırova bildirib ki, anası bacısı ilə birlikdə Ağdamda yaşayacaq:
“Anam, bacım və oğluna iki otaqlı ev verilib. Hələ ki, tam köçməyiblər. İş yerimizlə bağlı hələ ki, gedib-gəlirik. Mənə hələ ki, ev verilməyib. Çünki həyat yoldaşım ağdamlı deyil. Mən də gələcəyinə oradakı xəstəxanalardan birində çalışmaq istəyərəm”, - deyə Milli Qəhrəmanın qızı deyib.
Link kopyalandı!
Son xəbərlər