"Alimlərin yeni araşdırması yuxuların təsadüfi deyil, beynin real həyata hazırlıq mexanizmi ilə bağlı olduğunu ortaya çıxarıb..."
Yuxular sadəcə təsadüfi görüntülər deyil. Alimlərin fikrincə, beyin yuxu zamanı real həyatda qarşılaşdığı vəziyyətləri simulyasiya edir və onları "təhlükəsiz mühitdə" yoxlayır.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrində dərc olunan yeni araşdırmada deyilir.
Yuxular beynin simulyasiya mexanizmi kimi işləyə bilər
Qeyd olunur ki, bu proses beynin gündəlik həyatda qarşılaşa biləcəyi vəziyyətlərə əvvəlcədən hazırlıq funksiyası daşıyır. Yəni yuxular yalnız emosiyaların işlənməsi deyil, həm də davranış və qərarvermənin məşqi kimi çıxış edə bilər. Bu o deməkdir ki, beyin insanı gələcək sosial və real vəziyyətlərə əvvəlcədən hazırlayır.
Yuxular sosial həyat üçün "məşq meydanı"dır
Araşdırmanın müəllifi, Koker Universitetinin psixologiya kafedrasının dosenti Frederik Tomas bildirir ki, yuxular beynin sosial dünyaya uyğunlaşmasını təmin edən zehni məşq sahəsidir.
Onun sözlərinə görə, yuxular insanın münasibətlər, sosial status, təhlükə və sağ qalma kimi sahələrdə reaksiyalarını "sınaqdan keçirməsinə" imkan yaradır. Bu isə real həyatda qərarvermə və adaptasiya bacarıqlarını gücləndirə bilər.
Tədqiqat çərçivəsində 400-ə yaxın iştirakçının son gördüyü yuxular analiz edilib. Nəticələrdə özünü qoruma, rəqabət, uğur və sosial münasibətlərlə bağlı motivlərin daha çox üstünlük təşkil etdiyi müəyyən olunub.
Qorxu yuxuları da faydalı ola bilər
Kanzas Universiteti alimlərinin başqa bir araşdırmasına görə, yuxularda yaşanan qorxu hissi belə faydalı rol oynaya bilər. Nəticələr göstərib ki, qorxu yuxuları insanın emosional dayanıqlığını gücləndirir.
Təqdiqatçılar bildirir ki, əgər yuxu kabusa çevrilmirsə, qorxu elementi gündəlik həyatda stressin və emosiyaların idarə olunmasını asanlaşdıra bilər. Beləliklə, yuxular təsadüfi görüntülər deyil, beynin sosial və psixoloji hazırlıq mexanizminin bir hissəsidir və insanı real həyata hazırlayan mürəkkəb bir sistem kimi işləyə bilər.