272
15:20, Bu gün

"Tehranın gizli gedişi: Vaşinqtona gözlənilməz təklif" - "Axios"

 
"Pərdəarxası diplomatiya və dalana dirənmiş danışıqlar..."
 
İran ABŞ-a yeni və qeyri-adi təkliflə çıxış edib: Hörmüz boğazının açılması və müharibənin dayandırılması müqabilində nüvə danışıqlarını sonraya saxlamaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
 
Məlumata görə, bu təşəbbüs Tehrandakı fikir ayrılıqlarını keçmək və daha tez razılaşma əldə etmək məqsədi daşıyır.
 
Mənbələr bildirir ki, hazırda İran rəhbərliyi daxilində hansı nüvə güzəştlərinə getmək məsələsində vahid mövqe yoxdur. Bu səbəbdən yeni plan əsas mübahisəli mövzunu - uranın zənginləşdirilməsi məsələsini müvəqqəti olaraq kənara qoymağı nəzərdə tutur.
 
Tramp təzyiq rıçaqlarını itirmək istəmir
 
Lakin bu yanaşma Donald Trump üçün risklidir. Çünki blokadanın aradan qaldırılması və müharibənin dayandırılması Vaşinqtonun əsas təzyiq alətlərini zəiflədə bilər. ABŞ isə İranın zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmasını və ən azı 10 il bu prosesi dayandırmasını tələb edir.
 
Məlumata görə, Tramp aprelin 27-də milli təhlükəsizlik komandası ilə xüsusi müşavirə keçirərək İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyəti müzakirə edib. O, eyni zamanda bəyan edib ki, İran neftinin ixracını məhdudlaşdıran dəniz blokadasını saxlamaq niyyətindədir və bunun Tehrana təzyiqi artıracağını düşünür.
 
Danışıqlarda böhran dərinləşir
Son günlər ABŞ-İran danışıqlarında gərginlik daha da artıb. İranın xarici işlər naziri Abbas Araqçının Pakistana səfəri nəticəsiz başa çatıb. Vaşinqton nümayəndələrinin İslamabadda görüş planı olsa da, İran tərəfi buna aydın razılıq verməyib və nəticədə səfər ləğv edilib. Tramp bildirib ki, belə şəraitdə uzun səfərlərin mənası yoxdur və danışıqlar telefon vasitəsilə də aparıla bilər. Onun sözlərinə görə, təşəbbüs istənilən halda İran tərəfdən gəlməlidir.
 
Yeni plan və qeyri-müəyyən gələcək
 
İran diplomatiyası paralel olaraq region ölkələri - Pakistan, Türkiyə, Misir və Qətər vasitəsilə vasitəçilik kanallarını aktivləşdirib. Təklif olunan plana görə, əvvəlcə böhran yumşaldılmalı, blokada aradan qaldırılmalı və ya uzunmüddətli atəşkəs əldə edilməlidir. Nüvə danışıqları isə daha sonra bərpa edilə bilər.
 
Ağ Ev bu təklifi aldığını təsdiqləsə də, onun qəbul olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Rəsmi Vaşinqton bildirir ki, istənilən razılaşma yalnız ABŞ-ın maraqları qorunduğu və İranın nüvə silahı əldə etməsinin qarşısı alındığı halda mümkündür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər