Bəhreyn hakimiyyəti 69 nəfəri və onların ailə üzvlərini "İranın hücumlarına dəstək ifadə etdiklərinə görə" vətəndaşlıqdan məhrum edib.
Moderator.az xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in bəyanatında bildirilib ki, bu vətəndaşlar İranın hücumlarına münasibətdə dəstək ifadə ediblər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Xarici medianın məlumatına görə, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.