Avropa, Asiya və Yaxın Şərq ölkələrini təmsil edən 30-a yaxın liderin iştirakı ilə xüsusi videokonfrans təşkil olunacaq.
Moderator.az xəbər verir ki, bu barədə "RAI News 24" telekanalı məlumat yayıb.
Görüş zamanı dövlət rəhbərləri ticarət yüklərinin maneəsiz daşınması və dəniz nəqliyyatının təhlükəsizliyini qorumaq məqsədilə Hörmüz boğazına beynəlxalq hərbi birləşmələrin cəlb edilməsi imkanlarını dəyərləndirəcəklər. Yalnız müdafiə məqsədi daşıyacaq bu əməliyyatın icrasına ABŞ, İran və İsrail arasındakı mövcud qarşıdurma tam yekunlaşdıqdan sonra başlanması nəzərdə tutulur.
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin həmsədrlik edəcəyi onlayn sammitdə Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcia Meloninin də iştirakı planlaşdırılır. Bildirilir ki, bu addım Birləşmiş Ştatların siyasəti ucbatından bir müddət diplomatik proseslərdən təcrid olunmuş Avropanın artıq müstəqil qərar qəbul etmə bacarığını göstərmək cəhdidir. Qarşıdurmada iştirak edən əsas tərəflər - ABŞ, İsrail və İran müzakirələrə çağırılmayıblar. Əsas diqqət gəmilərin sərbəst hərəkətinin bərpası üçün çıxış yollarının axtarışına yönəldiləcək.
Telekanalın məlumatına əsasən, müştərək hərbi əməliyyatın hazırlıq mərhələsinə artıq start verilib və yüksəkrütbəli hərbçilərin texniki məsələləri aydınlaşdırmaq üçün növbəti həftə Britaniyada toplaşması gözlənilir. Bununla belə, qüvvələrin bölgəyə göndərilməsi yalnız hərbi əməliyyatlar dayandırıldıqdan və tərəflər arasında ortaq razılaşma əldə edildikdən sonra mümkün olacaq. Prosesin həyata keçməsi üçün Tehran ticarət gəmilərinə zərbə endirməyəcəyinə dair zəmanət verməli, Vaşinqton isə İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalıdır.
Məlumatda o da qeyd edilir ki, Parisdə baş tutacaq danışıqlar çərçivəsində Fars körfəzindəki yüzlərlə gəmidə köməksiz vəziyyətdə qalan 20 mindən artıq dənizçinin taleyi ətrafında da fikir mübadiləsi aparılacaq.