Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı
Hadisə
209
17:47, Bu gün

Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı

Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, o, 2023-cü ilin iyunun 7-də saat 00:30-da "Extra" adlı gecə klubuna müştəri düşürərkən bacısı Əsmərin keçmiş əri Səfəri orada görüb.

Elşən ona ailəli olduğu dövrdə bacısını döydüyünü, övladı Amilə maddi-mənəvi dəstək olmadığını, onunla maraqlanmadığını irad tutub. Yaranmış mübahisə zamanı o, ov bıçağı ilə Səfərə ardıcıl zərbələr vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Elşənin barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 221.3 (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Elşən ifadəsində göstərib ki, bir müddətdir taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü müştərini təyinat yerinə çatdırdıqda təsadüfən bacısının keçmiş həyat yoldaşı Səfəri görüb:

"Bir az danışdıq, sonra mübahisə etdik. Söhbət əsnasında o, mənim başıma kəllə ilə zərbə endirdi, əlini belinə doğru hərəkət etdirdi. Elə bildim, bıçaq çıxaracaq. Amma bıçaq çıxarmadı, mənə zərbələr endirməyə başladı.

Məndən cüssəli olması səbəbindən onu özümdən uzaqlaşdırmaq məqsədilə bıçağı ayağına doğru hərəkət etdirdim. Sonra dava böyüdü və biz yerə yıxıldıq. Bıçaq Səfərin boğazına dəydi. Bizi ətrafdakılar ayırdı. Səfərin qardaşı gələrək onu apardı.

Hadisə zamanı bıçağın Səfərin boğazına dəyməsini bilməmişəm. Bu barədə mənə Səfərin qardaşı məlumat verdi.

Səfərdən dəfələrlə aliment tələb etsək də ödəmir. Əvvəllər danışmaq istəmişik, amma Səfər mənimlə görüşmürdü. Həmin gecə rastlaşanda onun fikrini öyrənmək üçün söhbət etmək istədim. Dedim, sənin hərəkətin kişiliyə yaraşmır. Bundan sonra o, məni vurdu.

Səfərlə məni ətrafdakı şəxslər aralamamışdan öncə yerdə bıçağı onun sinəsinə dirədim və "heyf ki, bacım uşağının atasısan" sözlərini dedim. Bundan sonra ətrafdakı şəxslər bizi ayırdılar".

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib.

Zərərçəkmiş Səfər ifadəsində göstərib ki, 2023-cü il iyun ayının 7-də gecə saatlarında Elşən ona yaxınlaşıb: "Mənə "kişi deyilsən" sözlərini dedi. Mən də eyni sözləri ona qaytardım, dalaşmağa başladıq.

Mən də taksi fəaliyyəti ilə məşğul oluram, Elşən məni təsadüfən gördü. Həmin ərazidə dayanmıram. Su almaq üçün orada düşmüşdüm. Orada klubun olub-olmaması barədə məlumatım yoxdur. İlk olaraq kimin hücum etdiyini xatırlamıram".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən 8 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra məhkumun müdafiəçisinin kassasiya şikayəti Ali Məhkəmə tərəfindən qismən təmin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkumun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilib. Məhkum Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilib, onun cəzası 7 il 11 aya endirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər