Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”
Ekskluziv
389
14:57, Bu gün

Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”

Keyfiyyətsiz kosmetoloji vasitələrin insan sağlamlığına təsiri son dövrlərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bu barədə daha ətraflı məlumat almaq üçün Moderator.az olaraq kosmetoloq Günel Novruzi ilə həmsöhbət olduq.

– Günel xanım, keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə nə başa düşülür?

– Keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə tərkibi standartlara uyğun olmayan, sertifikasiyadan keçməyən və ya mənşəyi məlum olmayan məhsullar nəzərdə tutulur. Bu cür vasitələr həm də saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış ola bilər ki, bu da onların təhlükəliliyini daha da artırır.

– Bu məhsulların istifadəsi dəridə hansı ilkin fəsadlara səbəb olur?

– Ən çox rast gəlinən hallar allergik reaksiyalar və dəri qıcıqlanmalarıdır. İstifadəçilərdə qızartı, qaşınma, səpkilər, quruluq və bəzən də kimyəvi yanıqlar müşahidə olunur. Xüsusilə həssas dəriyə malik insanlarda bu təsirlər daha ağır keçir.

– Bəs bu təsirlər yalnız dəridə qalır, yoxsa daha ciddi nəticələr də mümkündür?

– Təəssüf ki, təsirlər bununla məhdudlaşmır. Bəzi keyfiyyətsiz məhsulların tərkibində ağır metallar  məsələn, civə və ya qurğuşun olur. Bu maddələr zamanla dəri vasitəsilə orqanizmə daxil olaraq daxili orqanlara təsir göstərə bilər. Bu isə sinir sistemi problemləri, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər.

– Kosmetoloji prosedurlarda istifadə olunan keyfiyyətsiz vasitələr nə kimi risklər yaradır?

– Bu, daha təhlükəli sahədir. Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır, toxumaların zədələnməsinə, şişkinliklərə və hətta qalıcı deformasiya hallarına səbəb ola bilər.

– Bu məhsullar hormonal balansı da poza bilərmi?

– Bəli, bəzi kosmetik vasitələrin tərkibində endokrin sistemə təsir edən maddələr olur. Bu maddələr hormonal balansı poza bilər və nəticədə sızanaqların artması, saç tökülməsi və digər problemlər yarana bilər.

– Uzunmüddətli istifadə zamanı daha ciddi xəstəlik riski varmı?

– Əlbəttə. Tərkibində kanserogen maddələr olan kosmetik vasitələrin uzun müddət istifadəsi hüceyrə dəyişikliklərinə səbəb ola bilər və bu da xərçəng riskini artırır.

– Qarşıdan yay mövsümü gəlir, bu dövrdə xüsusilə nələrə diqqət edilməlidir?

– Yay aylarında dəri daha həssas olur və günəş şüalarına birbaşa məruz qalır. Bu səbəbdən keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi daha ağır nəticələr verə bilər. İlk növbədə günəşdən qoruyucu (SPF) məhsulların keyfiyyətli və sertifikatlı olmasına diqqət yetirilməlidir. Ucuz və tərkibi bilinməyən SPF vasitələri dərini qorumaq əvəzinə zərər verə bilər.

Eyni zamanda yayda məsamələr daha tez tıxandığı üçün ağır, yağlı və keyfiyyətsiz makiyaj vasitələrindən uzaq durmaq lazımdır. Dərinin nəfəs almasına imkan verən, yüngül və dermatoloji cəhətdən yoxlanılmış məhsullara üstünlük verilməlidir. Həmçinin, açıq havada edilən kosmetoloji prosedurlar və ya steril olmayan şəraitdə aparılan müdaxilələr infeksiya riskini artırdığı üçün bu məsələdə daha diqqətli olmaq vacibdir.

Su ilə təmasın artdığı yay mövsümündə (hovuz, dəniz) istifadə olunan kosmetik vasitələrin dəriyə uyğunluğu və keyfiyyəti xüsusilə önəmlidir. Keyfiyyətsiz məhsullar günəş və su ilə birlikdə dəridə ləkələrin yaranmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər.

– İstifadəçilərə ümumi olaraq nə tövsiyə edərdiniz?

– İnsanlar kosmetik vasitələri alarkən onların sertifikatına, tərkibinə və istehsalçı brendinə diqqət yetirməlidirlər. Çox ucuz və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda kosmetoloji prosedurlar yalnız peşəkar və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır.

– Sonda bu mövzu ilə bağlı nəyi vurğulamaq istərdiniz?

– Gözəllik naminə sağlamlığı riskə atmaq düzgün deyil. Keyfiyyətsiz kosmetoloji vasitələr qısa müddətli effekt versə də, uzunmüddətli ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yay mövsümündə dəriyə qulluq daha diqqətlə aparılmalı və yalnız etibarlı məhsullardan istifadə edilməlidir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər