1660
23 Apr 2025 | 22:46

"Tramp "zəhərli həb" qəbul edib: Amerika imperiyasının çöküşü qaçılmazdır" - "The Stateman"

"Tramp administrasiyasının istehsalı ABŞ-a qaytarmaq planı iqtisadi baxımdan ölkəyə baha başa gələ bilər.
 
ABŞ prezidenti Donald Tramp və onun əsas ticarət müşaviri Piter Navarronun istehsalı ABŞ-a qaytarmaq planı iqtisadi baxımdan ölkəyə baha başa gələ bilər. Müəllifin fikrincə, bu cəhdlər ABŞ iqtisadiyyatında qiymətlərin kəskin artımına və istehlakçıların rifahına zərbə vuracaq, nəticədə ölkənin qlobal hegemoniyası zəifləyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Hindistanın "The Statesman" qəzeti yazıb.
 
Məqalə müəllifi Sunil Şaran yazır ki, Tramp və Navarro ABŞ-da sənayenin zəifləməsini- deindustrializasiyanı ciddi problem hesab edir və çıxış yolunu istehsalı ölkəyə qaytarmaqda görürlər. Onlar xüsusilə "Paslı kəmər" adlanan bölgəni nümunə göstərir, bu, vaxtilə sənayenin mərkəzi olan, lakin istehsal xaricə köçürüldükdən sonra iqtisadi tənəzzülə uğrayan Amerika regionudur. Lakin müəllif qeyd edir ki, bu təşəbbüslər real iqtisadi şərtlərlə uzlaşmır.
 
Əsas maneə ABŞ-da əmək xərclərinin yüksək olmasıdır. Əgər fabriklər geri gətirilərsə, bir çox məhsulun qiyməti iki, hətta üç dəfə artacaq. Məsələn, hazırda 1000 dollara alınan bir smartfon 3000 dollar, 30-40 min dollarlıq sedan avtomobil 80 min dollara başa gələ bilər. Bu isə ABŞ vətəndaşlarının alıcılıq qabiliyyətinə uyğun deyil.
 
Müəllif vurğulayır ki, Çin ucuz işçi qüvvəsi sayəsində uzun illərdir "dünya fabriki" rolunu oynayır. Hazırda isə Çinlə müqayisədə daha ucuz əməyə malik olan Vyetnam, Filippin və qismən Hindistan istehsalın yeni mərkəzinə çevrilməkdədir. Vyetnam kimi ölkələr aşağı əmək xərcləri ilə istehsalda rəqabət üstünlüyü qazanır. Navarro isə bu cür ölkələri ABŞ-a qarşı qeyri-bərabər rəqabət aparmaqda günahlandırır və qeyri-rəsmi ticarət baryerlərinin aradan qaldırılmasını tələb edir.
 
Hindistanın bu fürsətdən yararlana bilməməsinin əsas səbəbi kimi isə müəllif ölkədəki qeyri-effektiv idarəetməni, zəif ixtisaslaşmanı və sosial xaosu göstərir. Orada istehsalın təşkili Çin və ya Vyetnamla müqayisədə daha çətindir. Buna baxmayaraq, artıq bəzi beynəlxalq şirkətlər Hindistanda avtomobil və smartfon istehsalına başlayıb.
 
Tramp və onun tərəfdarları ABŞ-ın yalnız innovasiyalara fokuslanmamalı, istehsalı da inkişaf etdirməli olduğunu düşünür. Onun "Amerikanı yenidən böyük edək" (MAGA) şüarı altında birləşən elektoratı bu ideyaları ciddi şəkildə dəstəkləyir və Trampı buraxmaq fikrində deyil. Onların arasında Trampın sabiq strateqi Stiv Bannon da var. O, xarici mütəxəssislərin ABŞ-a axınına qarşıdır və İlon Mask ilə bu mövzuda fikir ayrılığı yaşayıb. Mask isə H-1B vizalarının saxlanmasını istəyir və Tramp bu məsələdə onun tərəfini tutub.
 
Müəllif MAGA hərəkatında bəzi şəxslərin açıq-aşkar radikal jestlərə, o cümlədən nasist salamına bənzər hərəkətlərə yol verdiyini qeyd edir və bunun ideoloji təhlükələrinə toxunur.
 
Trampın ticarət siyasəti ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərə də təsir edir. Məsələn, Böyük Britaniyaya qarşı cəmi 10 faiz tarif tətbiq edilib, lakin digər ölkələrlə danışıqlarda daha sərt mövqe gözlənilir. Hindistanla danışıqlarda isə çox şey baş nazir Modinin hansı güzəştlərə hazır olmasından asılıdır. Əsas hədəf isə Çindir, Tramp Çinlə ticarət münasibətlərində sərt mövqe tutmağa davam edir.
 
Nəticə etibarilə müəllif bildirir ki, yüksək əmək xərcləri, qlobal istehsal dinamikası və daxili sosial-ictimai reallıqlar səbəbindən Tramp və Navarronun vəd etdiyi sənaye intibahı ABŞ üçün daha çox zərərli nəticələr verə bilər. Bu siyasət həm qısa, həm də uzun müddətli dövrdə qiymət artımına və iqtisadi çətinliklərə yol açacaq. Bütün bunlar isə ABŞ imperiyasının çöküşünü sürətləndirə bilər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər