BMT rəsmisi: “Humanitar böhran hərbi vəziyyət qədər təhlükəlidir”
Cəmiyyət
156
11:15, Bu gün

BMT rəsmisi: “Humanitar böhran hərbi vəziyyət qədər təhlükəlidir”

“Biz yeni gündəliyin orta müddətli qiymətləndirilməsinə yaxınlaşdıqca, bir şeyi açıq şəkildə qəbul etməliyik - bu sahədə cəmiyyət olaraq uğursuz olmuşuq”.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bunu WUF13 çərçivəsində “Dünyada qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların mənzil təminatı üçün dəyişdirilməsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.
 
BMT rəsmisi vurğulayıb ki, artıq gözləməyə imkan yoxdur, çünki burada söhbət humanitar vəziyyətdən gedir:
 
“Humanitar böhran isə müəyyən mənada hərbi vəziyyət qədər ciddi və təcili xarakter daşıyır. Müzakirə etdiyimiz əsas məsələlərdən biri də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyasıdır. Bu istiqamətdə açıq işçi qrupunda müxtəlif dövlətlərin iştirakı ilə dəyişikliklər hazırlanıb və artıq bir sıra müvəqqəti siyasət tövsiyələri mövcuddur. Məqsəd bu qeyri-rəsmi məskunlaşmaların necə inkişaf etdirilə və şəhər sisteminə inteqrasiya oluna biləcəyini müəyyən etməkdir. Burada xüsusilə üç əsas məqamı vurğulamaq istəyirəm. Birinci məsələ tanınmadır. Məlumat və statistika həyati əhəmiyyət daşıyır. Əgər etibarlı məlumatlarımız olmasa, inkişaf göstəricilərini və şəhər məqsədlərini izləyə bilmərik. Bu ərazilərin həm şəhər rəhbərliyi, həm də milli statistika qurumları tərəfindən rəsmi şəkildə tanınması vacibdir. Eyni zamanda anlamalıyıq ki, bu ərazilər yalnız problemlərdən ibarət deyil - onlar həm də imkan məkanlarıdır. İnsanlar şəhərlərə təhsil, səhiyyə, iş və daha yaxşı həyat imkanları üçün gəlirlər. Bir çox halda qeyri-rəsmi yaşayış məntəqələri onlar üçün yeganə çıxış yolu olur. Əgər bu icmalar artıq formalaşıb və möhkəmlənibsə, biz onları məhv etməyə deyil, olduqları yerdə inkişaf etdirməyə çalışmalıyıq.
 
İkinci mühüm məsələ inteqrasiyadır. Bizə ayrı-ayrı deyil, kompleks və əlaqələndirilmiş həllər lazımdır. Burada bütün sektorların birlikdə işləməsi vacibdir. Söhbət yalnız yaşayış yerlərindən getmir - xidmətlər, sosial imkanlar, mədəniyyət, idman, ictimai məkanlar və nəqliyyat sistemləri də şəhərlə əlaqələndirilməlidir. Asiya, Afrika və Latın Amerikasında bunun uğurlu nümunələri mövcuddur. Bir çox yerdə qeyri-rəsmi nəqliyyat sistemləri sonradan rəsmi nəqliyyat şəbəkələri ilə birləşdirilib. Bu proses ayrı-ayrı layihələrlə deyil, sistemli yanaşma ilə həyata keçirilməlidir.
 
Üçüncü məsələ isə maliyyədir. Bütün bunlar ciddi maliyyə tələb edir. Lakin resurslar mövcuddur. İcmalar bir araya gələrək öz qənaətlərini toplayır, sosial hərəkatlar və təşkilatlar şəhərlərin inkişafına dəstək verir. Şəhərlər torpaq əsaslı maliyyə mexanizmlərindən, əmlak vergilərindən və digər gəlir mənbələrindən istifadə edərək maliyyə imkanlarını genişləndirirlər. Braziliya, İndoneziya, Cənubi Afrika və digər ölkələrdə dövlətlər bu sahəyə böyük həcmdə ictimai investisiyalar yatırırlar”.
 
Anaklaudia Rossbax diqqətə çatdırıb ki, əsas məsələ reallığı qəbul etməkdir:
 
“Aydın hüquqi və planlaşdırma mexanizmləri yaradılmalıdır ki, xidmətlər həmin ərazilərə çatdırıla bilsin və hökumətlər bütün sistemləri bir-birinə bağlaya bilsinlər. Əslində həll yolları mövcuddur. Dünyanın müxtəlif yerlərində gecəqonduların və qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması ilə bağlı çox uğurlu layihələr həyata keçirilib. İndi isə əsas məsələ bu problemlə daha ciddi, qətiyyətli və güclü siyasi iradə ilə məşğul olmaqdır. Hamımız bilirik ki, real dəyişiklik yalnız yüksək səviyyəli liderlik olduqda mümkündür. Ümid edirəm ki, bu dialoq yeni gündəliyin formalaşmasına öz töhfəsini verəcək”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər