Bizi sosial şəbəkələrdən izləyin:
"Biz qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası məsələsini üzv dövlətlərlə birlikdə Açıq İşçi Qrupunda da müzakirə etmişik".
Moderator.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məskənlərinin və gecəqondu ərazilərinin transformasiyası: Dünya əhalisinin mənzil təminatı naminə" adlı paneldə deyib.
O bildirib ki, hazırda bu qrupa Azərbaycan və Somali sədrlik edir:
"Əvvəllər isə Çin və Fransa rəhbərlik edirdi. Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası ilə bağlı müəyyən siyasət tövsiyələri hazırlanıb. Birinci məsələ tanınma, məlumat və statistikanın vacibliyidir. Əgər düzgün məlumatımız yoxdursa, biz SDG 11.1 məqsədini izləyə bilmərik. Şəhər səviyyəsində, milli səviyyədə və statistika qurumları tərəfindən bu ərazilərin rəsmi şəkildə tanınması çox vacibdir".
O vurğulayıb ki, Qlobal Cənub ölkələrində insanlar şəhərlərə gələndə qeyri-rəsmi yaşayış məntəqələrini təhsil, səhiyyə, iş və digər imkanlara çıxış üçün bir keçid nöqtəsi kimi görürlər:
"Bu məkanların sosial və ekoloji funksiyası da nəzərə alınmalıdır. İnsanların bu torpaqları zəbt etməsi çox vaxt onların yeganə seçimidir və əgər bu yaşayış məntəqələri artıq formalaşıbsa, onları olduqları yerdə inkişaf etdirməliyik.
İkinci mesaj inteqrasiya haqqındadır. Bizə inteqrasiya olunmuş həllər lazımdır. Burada bütün sektorlar birlikdə işləməlidir".