Böyük şəhərlərin gələcəyi necə olacaq? - Açıqlama
Cəmiyyət
147
11:59, Bu gün

Böyük şəhərlərin gələcəyi necə olacaq? - Açıqlama

"Artıq şəhər problemlərinin yalnız müzakirəsi kifayət etmir və praktik həll yollarının tətbiqi əsas prioritetə çevrilib". 
 
Moderator.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Praktikada şəhərsalma transformasiyası: təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri” adlı panel sessiyada İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə Direktor Haris Piplas bildirib. 
 
O qeyd edib ki, şəhərlər həm problemin, həm də həllin bir hissəsidir və qlobal istixana qazı emissiyalarının təxminən 70 faizi şəhərlərdə formalaşır.
 
H.Piplas rəhbərlik etdiyi beynəlxalq planlaşdırma, mühəndislik və konsaltinq şəbəkəsinin Avropa və dünyanın müxtəlif şəhərlərində 6 mindən çox əməkdaşla fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, təşkilat şəhərsalma, enerji, nəqliyyat, su idarəçiliyi, biomüxtəliflik və rəqəmsal həlləri vahid yanaşma çərçivəsində birləşdirən multidissiplinar komandalarla çalışır.
 
“Müasir şəhərlərin əsas problemlərindən biri planlaşdırmanın hələ də parçalanmış və ayrı-ayrı sahələr üzrə aparılmasıdır. Bundan əlavə, mobillik, enerji, ictimai məkan və memarlıq məsələlərinin ayrıca planlaşdırılması şəhərlərin transformasiyasını çətinləşdirir”.
 
O çıxışında Berlin nümunəsinə də toxunulub. 
 
“1960-1980-ci illərdə salınmış məhəllələrin yenidən urbanizasiyası, yaşayış fondunun modernləşdirilməsi və ictimai məkanların çoxfunksiyalı formada yenidən qurulması istiqamətində layihələr həyata keçirilir. Bu çərçivədə “15 dəqiqəlik şəhər” konsepsiyasının praktik tətbiqi diqqət çəkir”.
 
O eyni zamanda şəhərlərin sürətlə böyüməsi, urbanizasiyanın artması və insanların yaşayış və iş modellərinin dəyişməsi fonunda yeni idarəetmə yanaşmalarının vacibliyini də vurğulayıb:
 
“Ukrayna, İsveçrə və Balkan şəhərlərində həyata keçirilən layihələrdən nümunələr çəkə bilərik. Belə ki, beynəlxalq təcrübənin yerli səviyyədə tətbiqi və şəhərlər arasında bilik mübadiləsi urban inkişaf siyasətinin əsas istiqamətlərindən biri hesab olunur”.
 
H.Piplas layihə çərçivəsində Sarayevo, Praqa və Bazeldə keçirilən seminarlar barədə də məlumat verib. O qeyd edib ki, prosesə beynəlxalq ekspertlərlə yanaşı, yerli fəallar, akademik dairələr və özəl sektor nümayəndələri də cəlb olunub.
 
“Layihənin əsas məqsədi şəhərlərdə mövcud bilik və təcrübəni praktik istifadəyə yararlı alətlərə çevirmək, urban transformasiya prosesində müxtəlif tərəfləri vahid platformada bir araya gətirməkdir”.
 
Onun sözlərinə görö, şəhərlərin transformasiyasını anlamaq üçün yalnız nəticələrə deyil, həmin nəticələri doğuran səbəblərə də baxmaq vacibdir. Ekspertin sözlərinə görə, bu prosesdə ərazidə mövcud olan ekoloji, sosial-iqtisadi və məkan problemləri diaqnostika edilməli, dövlət sektorunun həll yollarına necə yanaşdığı, hansı siyasət və tənzimləmə addımlarının atıldığı təhlil olunmalıdır.
 
“Ən çətin mərhələ gələcək addımların müəyyənləşdirilməsidir. Onun sözlərinə görə, şəhərlərdə təhlükəsizlik, ictimai sağlamlıq və dayanıqlılıq məsələləri getdikcə daha çox əhəmiyyət kəsb edir və bu sahədə OECD tərəfindən dəstək göstərilir.
 
Nümayəndə nümunə kimi İsveçrənin Bazel şəhərini göstərib. O bildirib ki, Bazel üç ölkənin - İsveçrə, Fransa və Almaniyanın sərhədində yerləşən maraqlı şəhərsalma laboratoriyasıdır. Şəhərin əsas hissəsi İsveçrədə, ətraf əraziləri isə Fransa və Almaniyada yerləşir. Bu isə bir funksional şəhər ərazisi üçün üç fərqli planlaşdırma və idarəetmə modelinin mövcud olması deməkdir.
 
Onun sözlərinə görə, “Bazel 2050” layihəsi çərçivəsində şəhərin gələcək inkişafı üçün aşağıdan yuxarıya doğru yanaşma tətbiq olunub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə ortaq baxış formalaşdırılıb:
 
“Proses ilkin vizionun hazırlanması, maraqlı tərəflərlə dialoq, toplanan biliklərin təhlili və yekun şəhər vizyonunun formalaşdırılması mərhələlərindən ibarət olub.
 
Bazel iqlim çağırışları ilə də üz-üzədir. Şəhərin Reyn çayı üzərində yerləşməsi daşqın risklərini artırır, 1980-ci ildən bəri isə isti günlərin sayı üç dəfə artıb.
 
Bu faktlar isə onu göstərir ki, iqlim dəyişiklikləri təkcə Qlobal Cənub ölkələri üçün deyil, Avropa şəhərləri üçün də ciddi çağırışdır”, - deyə o qeyd edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər