Bizi sosial şəbəkələrdən izləyin:
Son illər uşaqlar arasında skuter sürməyə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bir çox valideyn bunu həm əyləncə, həm də rahat hərəkət vasitəsi kimi görsə də, həkimlər uzunmüddətli istifadənin bəzi sağlamlıq problemlərinə yol aça biləcəyini deyirlər.
Mütəxəssislərin fikrincə, uşağın gün ərzində uzun müddət skuter sürməsi onurğa sütununa əlavə yük yaradır. Bu da gələcəkdə skolioz və kifoz kimi problemlərin meydana çıxmasına və ya mövcud vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Buna görə valideynlər skuter seçərkən uşağın yaşını və fiziki xüsusiyyətlərini nəzərə almalıdırlar.
Məsələ ilə bağlı pediatr Məhsəti Nəcəfova bildirib ki, xüsusilə sümük və oynaq problemi yaşayan, yastıpəncəliliyi və ya onurğa əyriliyi olan uşaqlarda skuter istifadəsinə diqqətlə yanaşılmalıdır.
Onun sözlərinə görə, belə uşaqlar üçün qərar verilməzdən əvvəl ortoped və pediatr müayinəsi vacibdir.
Həkim qeyd edib ki, skuter sürən zaman uşaqlar adətən ağırlığı bir ayağın üzərinə salırlar. Eyni vəziyyətdə uzun müddət qalmaq isə ayaq əzələlərinin həddindən artıq yorulmasına və qan dövranında zəifləməyə səbəb ola bilər. Bu hallar birbaşa varikoz yaratmasa da, müəyyən riskləri artıra bilər.
Mütəxəssislər uşaqların sağlamlığını qorumaq üçün skuterdən gündəlik istifadənin 20 dəqiqəni keçməməsini məsləhət görürlər. /milli.az/