"Milli Məcisin müzakirəsinə təqdim olunan 2025-ci il üzrə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordantorun illik Məlumat”ının əsas nəticələri üzərində təhlilləri sizinlə bölüşmək istərdik".
Moderator.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, dövrümüzün ən təhlükəli transmilli cinayətlərindən olan insan alveri fenomeni yalnız hüquq-mühafizə orqanlarının qarşısında dayanan problem deyil, eyni zamanda sosial, iqtisadi və informasiya təhlükəsizliyi məsələsidir:
"Beynəlxalq statistikaya nəzər salsaq, problem kifayət qədər geniş miqyas alıb. 2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox insan alveri qurbanı qeydə alınıb, onların 63 faizini qadınlar təşkil edib. Eyni zamanda, son illərdə xüsusilə, onlayn mühitdə cinsi istismar hallarında kəskin artım var. ATƏT məkanında isə təkcə 2024-cü ildə 30 min insan alveri qurbanı müəyyən edilib.
Rəqəmlər göstərir ki, insan alveri qlobal miqyasda genişlənməkdə davam edir və yeni formalar alır. Xüsusilə, rəqəmsal texnologiyaların inkişafı cinayətkar şəbəkələr üçün üstün imkanlar açır.
Azərbaycanda insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Məlumatda göstərilir ki, aparılan fəaliyyət kompleks, çoxsəviyyəli və koordinasiyalı olub.
İlk növbədə, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Hesabat ilində qanunvericilik bazası təkmilləşdirilib, müvafiq hüquqi aktlara, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilib. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün sayca 5-ci Milli Fəaliyyət Planı hazırlanıb, ictimaiyyətin, ekspert və mütəxəssislərin müzakirəsinə verilib".
Deputat bildirib ki, Azərbaycan dünyada İnsan Alverinə Qarşı insttitusional mexanizmlər, təşkilatlanma və Milli Fəaliyyət Planları hazırlayan ilk ölkələr sırasındadır: " Təqdim edilən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı” kompleks və strateji xarakter daşımaqla əhatəli məqsəd və hədəflərə malikdir. Dünya təcrübəsində insan alverinə qarşı mübarizənin prioritet istiqamətləri önləyici tədbirlər-maarifləndirmə, qanunvericilikdə islahatlar, risk qrupları ilə və qurumlar arasında əməkdaşlığın gücləndirilməsindan ibarətdir.
Mübarizə tədbirləri isə hüquq-mühafizə orqanlarının gücləndirilməsi, istintaq imkanlarının genişləndirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə şəbəkələri və beynəlxalq əməkdaşlıq hesab olunur.
Nəhayət, qurbanın müdafiəsi və dəstəyinə yönəlik tədbirlər yardım xidmətlərinin yaradılması, reabilitasiya proqramlarının hazırlanması, sığınacaqla təminat və QHT-lərlə əməkdaşlıq hesab olunur.
Göründüyü kimi, mübarizənin hüquqi bazası bütün beynəlxalq meyarlara və aparıcı Avropa təşkilatlarının tövsiyyələrinə uyğundur.
Digər mühüm istiqamət profilaktika, maarifləndirmə, regionlarda əsasən risk qrupları və təhsil sektorunda tədbirlər, erkən mərhələdə məlumatlandırılmadır.
Hesabatın təhlili göstərir ki, son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur.
Statistik təhlillər insan alveri cinayətlərinin strukturunda cinsi istismarın üstünlük təşkil etdiyini deməyə əsas verir. Belə ki, 2025-ci ildə qeydə alınan faktların 76,8 faizini məhz cinsi istismar halları təşkil edib, məcburi əmək cəmi 0,5 faiz səviyyəsində qeydə alınıb. Digər 22, 7 faiz isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub.
Eyni zamanda, uzunmüddətli statistik dinamika da diqqətəlayiqdir. 2005–2010-cu illərdə insan alveri cinayətlərinin sayı 200-dən yuxarı olduğu halda, sonrakı illərdə mərhələli azalma müşahidə olunub, 2025-ci ildə göstərici 198 fakt təşkil edib. Qurbanların sayında da oxşar tendensiya müşahidə edilir-2000-ci illərin ortalarında 90–100 arası dəyişən göstəricilər 2025-ci ildə 46 nəfərə qədər enib. Əldə olunan nəticələr, Daxili İşlər Orqanlarının digər hakimiyyət institutları ilə birlikdə həyata keçirdiyi tədbirlərin əməli nəticələri sayıla bilər.
Diqqət çəkən digər mühüm statistik məqam insan alveri qurbanlarının demoqrafik göstəriciləridir. 2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risq qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir.
Bundan əlavə, 2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir.
Cinayətkarların strukturu da diqqətçəkəndir-2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun, cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir.
2025-ci ildə insan alveri qurbanlarının coğrafiyasına nəzər saldıqda 72 faizinin Türkiyədə, 22 faizinin Birləşmiş Ərəb Əmirliklərində, 6 faizinin isə Pakistanda istismara məruz qaldığı müəyyən edilib. Göstəricilər bir daha təsdiq edir ki, insan alveri əsasən ölkə hüdudlarından kənarda baş verən transmilli cinayətdir”.
Deputat bildirib ki, eyni zamanda, hüquq-mühafizə tədbirlərinin effektivliyini göstərən digər statistik göstərici cinayətlərin açılma səviyyəsidir: "2025-ci ildə insan alveri cinayətlərinin 97 faizi açılıb, 2 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Konkret olaraq, “152” qaynar xəttinə daxil olan müraciətlərin sayı da diqqətəlayiqdir. 2025-ci ildə edilən 10.490 müraciətin əvvəlki illə müqayisədə artması bir tərəfdən risklərin mövcudluğunu, digər yandan isə vətəndaşların məlumatlılıq səviyyəsinin də yüksəldiyini göstərir.
Qurbanlarla iş sahəsində müəyyən edilən birdəfəlik 700 manat məbləğində müavinət ödənilib, hamısı sığınacaqlarla təmin olunub, tibbi, psixoloji və hüquqi yardımlar göstərilib. Nəzarət mexanizmləri çərçivəsində keçirilən yoxlamalar zamanı 1.047 işçidən 75-nin qeyri-rəsmi məşğulluq şəraitində çalışdığı aşkarlanmış, müvafiq inzibati tədbirlər görülüb.
Uşaq əməyinin istismarı ilə bağlı aparılan reydlər zamanı isə 936 uşaq risk qrupunda müəyyən edilib, 511 valideynlə bağlı tədbirlər görülüb.
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində əldə olunan nəticələrdə Daxili İşlər Nazirliyinin fəaliyyəti və institusional idarəetmə sistemi xüsusi əhəmiyyət daşıyır. Uzun illər insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator kimi fəaliyyət göstərən nazir Vilayət Eyvazovun peşəkar baxış və problemə həssas münasibəti, o cümlədən, beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığın qurulmasında rolu, ölkəmizin həyata keçirdiyi dövlət siyasətinin aparıcı hesabatlarda ardıcıl və prinsipial şəkildə təqdim edilməsi uğurlarda mühüm rol oynayıb.
Eyni zamanda, Daxili İşlər Nazirliyinin Milli Məclislə açıq və səməməli əməkdaşlıq modeli xüsusi qeyd olunmalıdır. İnsan alveri ilə bağlı deputat sorğularına və müraciətlərinə həssas münasibət göstərilməsi, bir çox hallarda müraciətlərə nazir tərəfindən şəxsən münasibət bildirilməsi hakimiyyət institutlarının birgə mübarizəsinin vacib şərtlərindədir.
İnsan alverinə qarşı mübarizədə qlobal tendensiyaların düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. ABŞ Dövlət Departamenti tərəfindən hər il dərc edilən İnsan Alveri Hesabatı və GRETA kimi nüfuzlu beynəlxalq mexanizmlərin qiymətləndirmələri vacibdir.
Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupu-GRETA tərəfindən Azərbaycanla bağlı monitorinqlərdə mühüm irəliləyişlərin əldə olunduğu, xüsusilə qanunvericiliyin təkmilləşdirilməsi, peşəkar hazırlıq tədbirləri, maarifləndirmə fəaliyyətləri və qurbanlara yardım mexanizmlərinin inkişafı müsbət qiymətləndirilmişdir.
Bununla yanaşı, GRETA bir sıra istiqamətlər üzrə əlavə tədbirlərin görülməsini tövsiyə etmişdir. Əmək istismarı risklərinin daha aktiv aşkarlanması, həssas uşaqların müdafiəsinin gücləndirilməsi, qurbanların istintaqla əməkdaşlıqdan asılı olmayaraq, müdafiə mexanizmlərinə çıxışının təmin edilməsi, hüquqi yardım və kompensasiya imkanlarının genişləndirilməsi, eləcə də maliyyə araşdırmalarının gücləndirilməsi əsas tövsiyələr sırasında yer almışdır.
ABŞ Dövlət Departamentinin son illər üzrə hesabatlarında cinayətkar şəbəkələrin fəaliyyətinin rəqəmsal mühitə sürətlə adaptasiya olunduğu-onlayn iş elanları platformaları və müxtəlif rəqəmsal kommunikasiya vasitələri insan alverçiləri üçün yeni “cəlbetmə alətləri”nə çevrildiyi vurğulanır.
Avropa məkanında insan alveri getdikcə daha çox “gizli iqtisadiyyat” daxilində fəaliyyət göstərir. Süni intellekt əsaslı cinayətlər də artıb.
Ona görə də insan alverinə qarşı mübarizə yalnız ənənəvi üsullarla effektiv nəticə verə bilməz.
Rəqəmsal mühitdə monitorinqin gücləndirilməsi, sosial şəbəkələr üzərində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq məlumat mübadiləsinin sürətləndirilməsi və süni intellekt talətlərin tətbiqi artıq zəruri tələbə çevrilib.
Nəticə etibarilə, həm ABŞ Dövlət Departamentinin, həm də GRETA-nın hesabatları göstərir ki, insan alveri ilə mübarizədə əsas çağırışlar-rəqəmsallaşma, transmilli cinayətkarlıq, sosial həssaslıq və institusional koordinasiyanın mürəkkəbliyidir.
Göründüyü kimi, qarşıda yeni və daha mürəkkəb çağırışlar mövcuddur".