Çempionlar Liqası yarımfinalında baş tutan “Bavariya”-“PSJ” kimi mövsümün ən vacib oyunlarından birinin Azərbaycanda canlı yayımlanmaması hazırda əsas müzakirələr sırasındadır. Öncəliklə qeyd edək ki, oyunun yayım hüququnu əldə edən “CBC Sport” kanalı bu barədə “Qafqazinfo”ya açıqlama verib.
Kanalın baş redaktoru Şəmsəddin Abbasov bildirdi ki, matçdan az əvvəl qəbuledici cihazda yaranan problem oyunun yayımlanmasına mane olub: “Oyun başlamazdan 5-10 dəqiqə öncə qəbuledici yandı. Bütün testlər, digər texniki məsələlər qaydasında idi. Çalışırdıq ki, qəbuledicini düzəldək, amma bacarmadıq. Dedik ki, 2 saat ərzində nə zaman düzəlsə, elə oradan yayıma başlayaq. Amma alınmadı. Bununla bağlı bəyanat yayacağıq”.
Oyun zamanı izləyicilərin bir qismi indiyə qədər Çempionlar Liqasının oyunlarını, həmçinin yarımfinalın digər matçını-“Arsenal”-“Atletiko Madrid” qarşılaşmasını yüksək səviyyədə yayımlayan “İctimai TV”ni də sərt şəkildə günahlandırıblar. Kanal isə “Bavariya”-“PSJ” matçının yayım hüququnun onlarda olmaması barədə açıqlama yayıb: “Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun “İctimai TV”nin efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub. “Bavariya” və “PSJ” komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İTV-yə məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə kanal məsuliyyət daşımır”.
İstənilən halda necə ola bilər ki, bu səviyyədə bir qarşılaşma cəmi bir qəbuledici cihazın sıradan çıxması səbəbindən tamaşaçılara təqdim olunmasın? Niyə alternativ texniki sistem əvvəlcədən hazırlanmayıb?
Futbolla yaxından maraqlanan Milli Məclis üzvü Aqil Abbas kanalın hədəfə götürülməsinin birmənalı əleyhinədir. O, Musavat.com-a açıqlamasında bildirib ki, bu, bir hadisədir:
“Səhv oldu. Amma buna görə kanalı bütövlükdə günahlandırmaq doğru deyil. Fəlakət də olur, hava da dəyişir, ildırım da çaxır. Yəni bununla demək istəyirəm ki, kanalı bu formada hədəfə çıxarmaq yaxşı olmazdı. Mən də oyuna baxırdım. Türkiyə kanal da əvvəl bağlandı, sonradan açıldı”.
Milli Məclis üzvü növbəti oyunda kanalın daha məsuliyyətli olacağını da qeyd etdi: “Növbəti oyunda yəqin ki, bunun üzərində ciddi çalışacaqlar. O biri oyunları “İTV” verirdi. İndi düşünüblər ki, “CBC Sport” verəcək. İki kanal eyni oyunu verə bilməz axı. İstənilən halda diqqətli olmalı idilər. İndi oldu keçdi, nə etmək olar. Bir də deyim ki, belə vacib oyunlar öncəsi alternativlər də nəzərdə tutulmalıdır”.
Parlamentari yarımfinal oyununu yayımlayan Türkiyənin TRT1 kanalının kabel televiziyaları tərəfindən bloklanmasına da reaksiya verib: “Bu, düzgün hal deyil. Kabel TV, nə ixtiyarın var ki, Azərbaycanda yayım hüququ qazanan bir kanalı bağlayasan? Biz pul verib almışıq, boşuna almamışıq ki...”