İqtisadçının fikrincə, ölkədə iqtisadi artımın davamlılığını təmin etmək üçün ciddi struktur islahatlarına ehtiyac var
İqtisadi artımla bağlı proqnozlar aşağı istiqamətdə yenidən nəzərdən keçirilib. Bunu Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov bildirib. O qeyd edib ki, Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozlarını yeniləyib və buna əsas səbəblərdən biri qeyri-neft ümumi daxili məhsulu üzrə gözləntilərin dəyişməsi olub. “Fevral ayında açıqlanan proqnozlarda qeyri-neft ÜDM-in ilin sonuna 4 faiz artacağı gözlənilirdi. Lakin may proqnozlarına əsasən bu göstərici 3,2 faiz səviyyəsində qiymətləndirilir”.
O həmçinin vurğulayıb ki, proqnozlara edilən dəyişiklikdə qeyri-neft-kimya sektorundakı vəziyyət və həmin sektorun aktivləri ilə bağlı qiymətləndirmələr də nəzərə alınıb: “Ümumilikdə qeyri-neft ÜDM üzrə azalma istiqamətində edilən reviziyanın əsas səbəblərindən biri baza effekti ilə bağlıdır. Son iki ay ərzində müşahidə olunan zəifləmənin ilin qalan hissəsində əks istiqamətdə dəyişəcəyi gözlənilir”, - deyə bank rəsmisi əlavə edib.
Bəs qeyri-neft ÜDM üzrə artım proqnozunun 4 faizdən 3,2 faizə endirilməsi Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə ciddi siqnaldır Mərkəzi Bankın açıqladığı bu yeni proqnoz hansı iqtisadi risklərin artdığını göstərir? Qeyri-neft sektorunda müşahidə olunan zəifləmənin əsas səbəbləri nələrdir? İlin qalan hissəsində vəziyyətin yaxşılaşacağı ilə bağlı gözləntilər nə qədər realdır?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, iqtisadi artımın aşağı istiqamətdə revisiya edilməsi çox da yaxşı xəbər deyil: "Nəzərə alsaq ki, əvvəldən də ümumi iqtisadi artım proqnozları kifayət qədər aşağı idi və qonşu ölkələrin göstəriciləri ilə müqayisə ediləcək səviyyədə deyildi, bu halda yeni azalma proqnozu vəziyyətin düşündürücü olduğunu göstərir. Təəssüf ki, son illərdə Azərbaycanda iqtisadi artım tempi qonşu ölkələrlə müqayisədə xeyli aşağı qalır və bu fərq artıq daha aydın hiss olunur".
İqtisadçı bildirib ki, Azərbaycanın qeyri-neft sektorundakı artım tempi də aşağı düşüb: "İkinci mühüm məsələ ondan ibarətdir ki, uzun müddət iqtisadi artımla bağlı əsas ümidlər qeyri-neft sektoruna bağlanmışdı. Ümumi iqtisadi artımın zəif olması fonunda təsəlli kimi qeyri-neft sektorunda artım göstəriciləri ön plana çəkilirdi. Yəni, iqtisadiyyatın əsas yükünü gələcəkdə qeyri-neft sektorunun daşıyacağı fikri təqdim olunurdu. Lakin indi artıq həmin sahədə də artım tempinin aşağı düşdüyü görünür. Bu isə narahatlığı daha da artırır. Çünki qonşu ölkələrdə ümumi iqtisadi artım tempi belə Azərbaycanın qeyri-neft sektorundakı artım tempini dəfələrlə üstələyir".
Xalid Kərimlinin fikrincə, ölkədə iqtisadi artımın davamlılığını təmin etmək üçün ciddi struktur islahatlarına ehtiyac var: "Xüsusilə özəl sektorun gücləndirilməsi prioritet məsələyə çevrilməlidir. Bu məsələlər yalnız bəyanatlar və çıxışlar səviyyəsində qalmamalıdır. Real nəticə əldə etmək üçün real addımlar, praktiki yanaşmalar və biznes mühitində köklü dəyişikliklər lazımdır. Çünki indiyə qədər tətbiq olunan ənənəvi iqtisadi artım modeli artıq öz imkanlarını böyük ölçüdə tükədib.
Ənənəvi model belə işləyirdi: neft satılırdı, əldə olunan gəlirlər büdcəyə transfer olunurdu, daha sonra dövlət büdcəsi vasitəsilə müxtəlif layihələrə və investisiyalara yönləndirilirdi. Nəticədə iqtisadi artım formalaşırdı. Yəni iqtisadi artımın əsas hərəkətverici qüvvəsi neft gəlirlərinin xərclənməsi idi. Lakin artıq neft hasilatı azalır və bu modelin əvvəlki templə davam etməsi mümkün görünmür. Məhz buna görə də qeyri-neft sektorunda ciddi islahatların aparılması, həmin sektorun gücləndirilməsi istiqamətində həm qanunvericilik bazasının, həm də ümumi iqtisadi mühitin yenidən formalaşdırılması zərurətə çevrilib. Əgər bu dəyişikliklər həyata keçirilməsə, mövcud problemlər eyni şəkildə davam edəcək".

İqtisadçı həmçinin vurğulayıb ki, iqtisadi artım proqnozunun 4 faizdən 3,2 faizə endirilməsi hələ tam mənfi göstərici deyil: "Burada iqtisadiyyatın kiçilməsi yox, artım tempinin zəifləməsi müşahidə olunur. Yenə də müəyyən artım qalır. Lakin əsas məsələ artım sürətinin aşağı düşməsidir və bu, iqtisadi aktivliyin zəiflədiyini göstərir. Mərkəzi Bankın proqnozları yeniləməsinin səbəblərinə baxdıqda isə bir neçə mühüm faktor ön plana çıxır. Bunlardan biri daxili tələbdə zəifləmənin müşahidə olunmasıdır. Əhali istehlak davranışında daha ehtiyatlı mövqeyə keçib. İnsanlar xərcləmələrini azaltmağa, daha çox qənaət etməyə çalışırlar. Digər tərəfdən, investisiya qoyuluşlarında da gözləmə mövqeyi hiss olunur. Xüsusilə biznes sektoru daha ehtiyatlı davranır, kredit aktivliyi zəifləyir və sahibkarlar yeni layihələrə əvvəlki qədər aktiv şəkildə yatırım etmirlər.
Bununla yanaşı, xarici amillər də iqtisadi aktivliyə birbaşa təsir göstərir. Regional geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərqdə baş verən proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Belə qeyri-müəyyənliklər biznes mühitində riskləri artırır, investisiya qərarlarını ləngidir və iqtisadi fəallığı aşağı salır. Məhz bütün bu faktorların nəticəsində iqtisadi aktivlikdə zəifləmə müşahidə olunur.Burada xüsusilə qeyri-neft-kimya sənayesinin vurğulanması diqqət çəkir. Çünki zəifləmənin əsas hissəsinin məhz bu sahədə müşahidə olunacağı qeyd edilir. Halbuki Azərbaycanın qeyri-neft sektorunun əsas dayaqlarından birinin məhz qeyri-neft-kimya sənayesi olması gözlənilirdi. Sənaye sektorunda ləngimənin yaranması isə heç də arzuolunan hal deyil. Çünki sənaye istehsalı iqtisadiyyatın əsas aparıcı sahələrindən hesab olunur və burada baş verən zəifləmə ümumi iqtisadi dinamikanı da aşağı salır".
Müsahibimiz həmçinin vurğulayıb ki, digər mühüm problem logistika məsələləridir: "Xüsusilə regionda baş verən hadisələr fonunda tranzit və daşınma imkanlarında yaranan çətinliklər biznes üçün əlavə yük yaradır. İran istiqamətində qeyri-müəyyənliklərin artması tranzit imkanlarını məhdudlaşdırır. Digər tərəfdən Orta Dəhlizin hələ tam effektiv fəaliyyət göstərə bilməməsi də əlavə problemlər yaradır. Bütün bunlar ölkə biznesləri üçün ciddi “başağrısına” çevrilib.
Nəticədə idxal və logistika xərcləri sürətlə artır. Xərclər artdıqca sahibkarların məhsulun qiyməti üzərinə həmin artımı tam şəkildə əlavə etməsi də mümkün olmur. Bu isə mənfəət marjasını azaldır və biznes fəaliyyətinin ləngiməsinə səbəb olur. Belə vəziyyət ümumi iqtisadi aktivliyə də mənfi təsir göstərir. Mərkəzi Bankın açıqlamalarında diqqət çəkən digər mühüm məqam isə inflyasiya proqnozlarının artırılmasıdır. Qurum yalnız iqtisadi artım tempini aşağı salmayıb, eyni zamanda gələcək dövrdə inflyasiyanın daha da yüksələ biləcəyinə dair gözləntilərin olduğunu da bəyan edib. Yəni hazırkı vəziyyət göstərir ki, qiymət artımlarının azalması deyil, əksinə daha da sürətlənməsi ehtimalı var. Bütün bunlar onu göstərir ki, iqtisadiyyat sahəsində daha ciddi və sistemli islahatlara ehtiyac yaranıb. Xüsusilə özəl sektorun gücləndirilməsi istiqamətində real addımlar atılmalıdır. Sahibkarlıq mühiti daha çevik və rəqabətli hala gətirilməli, investisiyalar üçün daha əlverişli şərait yaradılmalı, iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün praktiki tədbirlər həyata keçirilməlidir. Əks halda iqtisadi artımın zəifləməsi, inflyasiya təzyiqlərinin artması və biznes aktivliyinin aşağı düşməsi kimi problemlər uzunmüddətli xarakter ala bilər".