Ekskluziv
291
14:17, Bu gün

"Avropa İttifaqı dəyişməlidir, özü də köklü şəkildə" - Almaniya XİN başçısı

 
"Avropa Birliyi qərarları daha sürətli qəbul etməlidir..."
 
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa Birliyində bir sıra ciddi islahatların aparılmasını təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Yekdillik Aİ-ni təhlükə altına sala bilər
 
Nazirin fikrincə, Avropa İttifaqı (Aİ) böhranlara qarşı daha davamlı olmaq üçün qərar qəbuletmə mexanizmini dəyişməli və xüsusilə təhlükəsizlik siyasətində yekdillik prinsipindən uzaqlaşmalıdır.
 
Berlində Konrad Adenauer Fondunun tədbirində çıxış edən Vadeful bildirib ki, Avropa Birliyi xarici siyasət və təhlükəsizlik məsələlərində qərarları daha sürətli qəbul etməyi bacarmalıdır. Alman nazir hesab edir ki, bəzi hallarda bütün 27 üzv dövlətin razılığı olmadan da müəyyən ölkələr birgə addım ata bilməlidir.
 
Onun sözlərinə görə, hazırkı yekdillik prinsipi xüsusilə təhlükəsizlik məsələlərində ciddi problemlər yaradır. Vadeful Ukraynaya böyük həcmdə yardım paketinin aylarla bloklanmasını nümunə göstərərək bildirib ki, belə vəziyyətlər Aİ-nin fəaliyyət qabiliyyətini zəiflədir.
 
Yeni ölkələr üçün mərhələli üzvlük modeli
 
Almaniya XİN rəhbəri Avropa Birliyinə qəbul prosesinin də dəyişdirilməsini təklif edib. O hesab edir ki, yeni üzvlər Aİ-yə bir anda deyil, mərhələli şəkildə inteqrasiya olunmalıdırlar. Bu model tamhüquqlu üzvlüyə qədər müxtəlif keçid mərhələlərini nəzərdə tutur.
 
Vadeful bildirib ki, bu yanaşma həm genişlənməni sürətləndirə, həm də bəzi ölkələrin veto imkanlarını zəiflədə bilər. O, xüsusilə Qərbi Balkan ölkələrinin, eləcə də Ukrayna və Moldovanın Avropa perspektivinin qorunmasının vacibliyini vurğulayıb.
 
Dünya daha sürətli hərəkət edir
 
Nazirin fikrincə, Avropa Birliyinin genişlənməsi daxili islahatlarla paralel aparılmalıdır. O qeyd edib ki, yeni üzvlərin qəbulu ilə yanaşı, Avropa Komissiyasının strukturu və Avropa Parlamentinin ölçüsü kimi məsələlərə də yenidən baxılmalıdır. 
 
Vadeful hesab edir ki, bu dəyişikliklər Aİ-ni daha çevik və davamlı edə bilər: "Biz daha sürətli hərəkət etməliyik. Dünya daha sürətlə dəyişir və cavab tələb edir", - deyə Almaniya XİN başçısı bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər