Regionun gələcəyini dəyişə biləcək mesaj: Paşinyan nəyi hədəfləyir?
Aktual
597
15:58, Bu gün

Regionun gələcəyini dəyişə biləcək mesaj: Paşinyan nəyi hədəfləyir?

Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Ermənistanın daxili siyasi gündəmi təkcə hakimiyyət uğrunda mübarizə ilə məhdudlaşmır, eyni zamanda ölkənin gələcək xarici siyasət kursunun müəyyənləşdirilməsi baxımından da həlledici mərhələyə çevrilir. Regionda davamlı sülhün mümkünlüyü, təhlükəsizlik təminatlarının hansı istiqamətdə qurulacağı və böyük güclərlə münasibətlərin xarakteri seçki ritorikasının əsas müzakirə mövzularından biri kimi ön plana çıxır.

Mövcud şəraitdə verilən siyasi mesajlar yalnız daxili auditoriyaya deyil, həm də regional güc balansını diqqətlə izləyən beynəlxalq aktorlara hesablanmış strateji siqnallar kimi qiymətləndirilir. Xüsusilə Ermənistanın qarşıdakı dövrdə hansı geosiyasi modelə üstünlük verəcəyi məsələsi regionun təhlükəsizlik arxitekturasına birbaşa təsir edə biləcək amillər sırasında göstərilir.

Maraqlıdır, Erənistan daxilində revanşist qüvvələrlə hakimiyyət arasında qarşıdurmanın dərinləşdiyi, eyni zamanda sülh prosesi və geosiyasi seçimlərin seçki kampaniyasının əsas mövzusuna çevrildiyi bir vaxtda, Nikol Paşinyanın “Ermənistan artıq böyük güclərin əlində alət olmayacaq” mesajı seçici davranışına və regionda uzunmüddətli təhlükəsizlik arxitekturasına nə dərəcədə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Anar İsayev açıqlama verib. 

Politoloq qeyd edib ki, Paşinyanın “Ermənistan artıq böyük güclərin əlində alət olmayacaq” mesajı həm daxili auditoriyaya, həm də xarici aktorlara ünvanlanmış çoxqatlı siyasi tezisdir:

"Bu mesajın təsiri bir neçə istiqamətdə qiymətləndirilə bilər: Seçici davranışına, sülh prosesinə və geosiyasi təhlükəsizlik arxitekturasına təsiri.Hazırda Ermənistan cəmiyyətində üç əsas siyasi xətt formalaşıb:Revanşist və Rusiya yönümlü blok — Köçəryan, Karapetyan və digər müxalif çevrələr;
Paşinyanın “suveren Ermənistan” xətti — balanslı və Qərbə açıq siyasət;Qərblə tam inteqrasiya tərəfdarları — daha radikal Avropa yönümlü dairələr.

Paşinyanın bu mesajı xüsusilə 2020 və sonrakı hərbi məğlubiyyətlərdən sonra Rusiyanın təhlükəsizlik təminatlarına inamını itirmiş seçicilərə,
yeni müharibə riskindən yorulan şəhərli orta təbəqəyə,həmçinin gənc və Qərbə inteqrasiya istəyən elektorata hesablanıb. Bu ritorika seçki kampaniyasında “müstəqil dövlətçilik” ideyası kimi təqdim olunur. Paşinyan çalışır ki, rəqiblərini “Ermənistanı yenidən xarici güclərin təsir zonasına qaytarmaq istəyən qüvvələr” kimi göstərsin".

Anar İsayev vurğulayıb ki, burada paradoks da var:

"Ermənistan iqtisadi, enerji və təhlükəsizlik baxımından hələ də ciddi şəkildə xarici asılılıqlardan çıxmayıb.Xüsusilə Rusiyanın hərbi və iqtisadi təsiri tam aradan qalxmayıb.Qərb isə Ermənistana siyasi dəstək versə də, birbaşa təhlükəsizlik zəmanəti vermir.Bu səbəbdən Paşinyanın mesajı emosional və siyasi baxımdan təsirli olsa da, praktik reallıqla toqquşduğu nöqtələr var. Eyni zamanda bu mesajı dolayısı ilə Azərbaycanla sülh gündəmini dəstəkləyən siqnal kimi də dəyərləndirmək olar.

Paşinyan regionda daimi qarşıdurmanın Ermənistanı daim xarici güclərdən asılı saxladığını göstərməyə çalışmaqla, həmçinin kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanı “müstəqil Ermənistan” modelinin bir hissəsi kimi təqdim etməklə,eyni zamanda revanşist ritorikanın isə ölkəni yenidən geosiyasi qarşıdurma meydanına çevirəcəyini vurğulamaqla seçicilərə mesaj verir.Əgər bu yanaşma seçicilər arasında üstünlük qazanarsa, sülh müqaviləsinin imzalanma ehtimalı arta,sərhəd delimitasiyası və regional nəqliyyat layihələri sürətlənə,regionda Türkiyə–Azərbaycan–Ermənistan iqtisadi əlaqələrinin formalaşması üçün yeni imkanlar yarana bilər.

Geosiyasi təhlükəsizlik arxitekturasına təsiri baxımından isə Paşinyanın tezisi faktiki olaraq postsovet təhlükəsizlik modelinə etirazdır. Belə ki,Ermənistan KTMT-dən və Aİİ-dan uzaqlaşır,Rusiya təsirini balanslaşdırmağa çalışır. Eyni zamanda Aİ və Fransa ilə təhlükəsizlik əməkdaşlığını genişləndirir,Hindistan və digər alternativ tərəfdaşlarla hərbi əlaqələri artırır.Bu isə Cənubi Qafqazda Rusiya dominantlığının zəflədiyi, iqtisadi-kommunikasiya əsaslı regional inteqrasiyanın ön plana çıxdığı təhlükəsizlik modelinin formalaşmasına gətirib çıxara bilər. Nəticə etibarilə, Paşinyanın mesajı təkcə seçki şüarı deyil, Ermənistanın geosiyasi identikliyini dəyişmək cəhdidir.

Bunun uğurlu olub-olmaması isə üç əsas amildən asılı olacaq:

Ermənistan cəmiyyətinin yeni müharibə riskinə münasibəti;

iqtisadi nəticələrin seçicilər tərəfindən hiss olunması;

regionda sülh prosesinin real və davamlı irəliləyişi".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər