Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO
199
08:20, Bu gün

Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO

Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, bağçada uşaqlar vəd olunan qidalarla təmin olunmurlar. İddia olunur ki, menyuda göstərilən qidalar əvəzinə uşaqlara daha keyfiyyətsiz məhsullar verilir. Belə vəziyyətin artıq bir neçə aydır davam etdiyi bildirilir.
 
Mövcud vəziyyətdən şikayətçi olan valideynlər məsələyə belə münasibət bildiriblər:
 
"Hər şey sadəcə görüntü olaraq bizə təqdim edilir. Daima kamera problemi yaşayırıq".
 
"Bağça dekabr ayından etibarən qrant layihəyə düşdü və bu layihə çərçivəsində bizə müəyyən vədlər verildi. Lakin heç bir halda bu vədlərin heç biri qarşılanmadı və şikayətimizi bildirdiyimiz təqdirdə, hər ay "düzələcək" deyə problemlərlə qarşılaşırdıq. Uşaq başına 400 manat ödəniş olunur. Lakin bağçada 400 manatlıq heç bir xidmət yoxdur. Nə qida tərəfdən, nə də digər tərəflərdən", - deyə valideynlər vurğulayıblar.
 
Uşaq bağçasının işdən azad olunan tərbiyəçisi Pərvanə Ağayeva da səslənən iddiaları təsdiqləyib:
 
"İstəmişəm ki, valideynlərin gözünü açım. Uşaqların yeməklərindən kəsilir. Hansı valideyn istəyər ki, ciyərdən uşaqlara dolma verilsin? Uşaqların şirniyyat saatı var idi, ləğv edildi. Yazırlar ki, uşaqlara cürbəcür meyvələr verilir, amma cəmi bir meyvə verirlər".
 
Adıçəkilən bağçanın müdiri İlahə Xusiyeva isə bildirib ki, Pərvanə Ağayeva işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Müdirin sözlərinə görə, keçmiş işçisinin səsləndirdiyi iddialar qərəzlidir və o, bağça rəhbərliyinə qarşı təxribat yaratmağa çalışır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər