Bizi sosial şəbəkələrdən izləyin:
“Bir müddət efirlərdən uzaqlaşmışdım. Anam rəhmətə getdi, həyata bir az küsdüm, soyudum, amma yenidən özümə gəldim. 10 gün olar ki, bir verilişdə qonaq idim. Şou-biznesdən bir az çirginmişdim. Son zamanlar yəqin ki, dəxlisiz, şit mahnıları, müğənniləri təkcə mən yox, sizlər də görürdünüz. Bir çox prodüserlər var ki, artıq başqa sənətlə məşğul olurlar. Mən isə bu həyata prodüser gəlmişəm, prodüser də gedəcəm. Söz vermişdim ki, “N-brother” qrupunu 25 il saxlayacam. Qrup 2000-ci ildə yaranmışdı, onu düz 25 il saxladım. Sonra solo oxumaqlarına icazə verdim. Özünüz də bilirsiz ki, qrupa gələn uşaqlar solo oxumağa can atırlar”.
Bunu Moderator.az-a açıqlamasında “N-brother” qrupununun yaradıcısı, tanınmış prodüser Namiq Qafarov deyib.
O daha sonra yenidən “N-brother” qrupunu yaratdığını bildirib:
“Sosial şəbəkədə bir video paylaşdım. Gördüm insanlar yazırlar ki, “biz sizin mahnılarınızla, qrupunuzla böyümüşük, çox istərdik “N-brother” yenidən yaransın”. Ona görə konservatoriyadan 3 oğlan götürmüşəm, vokal səsləri var. Onlarla yeni “N-brother” qrupu yaradacam. Amma bu 2-3 ildə mən bekar qalmadım. “Qızıl açar” layihəsi etdim. Orada istedadlı uşaqlar üzə çıxdı”.
Namiq Qafarov özünü kino sahəsində də sınadığını bildirib:
“Şəhidlərimiz haqda ilk filmi mən çəkdim. Bu Xudayar Yusifzadə haqda olan “Dastana döndü” filmi idi. Bundan əlavə 4-5 filmim də var. 24 apreldə Nizami kinoteatrında “Oyuncaq” adlı filmimin qala gecəsidir. Mən heç vaxt efirə zəng edib deməmişəm ki, məni də dəvət edin. Televiziyanı da başa düşürəm, onların da büdcəsi var, sponsor gəlməlidir, pul qazanmalıdır. Ona görə də gücü vermişdilər bayağı müğənnilərə. Artıq o müğənnilərin də efirlərə çıxmasına qadağalar qoyulub. Yəqin ki, bundan sonra davamlı olaraq efirlərdə görünəcəm”, - deyə prodüser bildirib.