Bizi sosial şəbəkələrdən izləyin:
"Görüş yaxşı keçdi. Təəccüblənə bilərsiniz, amma fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, dostluq münasibəti, birgə əməkdaşlıq, gələcək tərəfdaşlıq planları var. Danışıqlar zamanı heç bir maneə ilə qarşılaşmadıq və ümid edirəm ki, bundan sonra da olmayacaq".
Moderator.az xəbər verir ki, bu fikirləri "Real" TV-yə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın spikeri Sahibə Qafarova ilə görüşdən sonra bildirib.
"Azərbaycanın Ermənistana məhsul ixracı və Azərbaycan üzərindən Ermənistana tranzit məsələsi İrəvanda necə qiymətləndirilir?" sualına onun cavabı belə olub:
"Bu, çox müsbət qiymətləndirilir. Mən bunu uzun müddət deyirəm. Biz ticarəti daha da genişləndirməliyik. Bilirəm ki, bizim iş adamlarımız, hökumətlərimiz və aidiyyəti qurumlar bu istiqamətdə çalışır. İşi davam etdirməliyik".
A.Simonyan "Hər iki ölkəyə qarşılıqlı olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin səfərlərini necə qiymətləndirirsiz?" sualına cavabında isə belə deyib:
"Çox əla. Görmürsünüzmü, bu görüşlər necə keçirilir və ondan sonra hansı rəylər verilir? Baxın, biz çoxdan və çox yaxşı bir-birimizi tanıyırıq. Şükürlər olsun ki, xalqlarımız arasında olan o qaranlıq səhifə artıq keçmişdə qalıb. İndi isə siyasətçilər və proseslərə rəhbərlik edən insanlar olaraq biz bunu daha da inkişaf etdirməli və bu yaxşı fürsəti qaçırmamalıyıq".