Ceyhun Bayramov kanadalı həmkarına Ermənistanla sülh prosesinin son vəziyyətini çatdırdı - YENİLƏNİB
Siyasət
360
20:31, Bu gün

Ceyhun Bayramov kanadalı həmkarına Ermənistanla sülh prosesinin son vəziyyətini çatdırdı - YENİLƏNİB

İyunun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kanadalı nazir Anita Anand Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəsinin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Ceyhun Bayramov təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Söhbət zamanı yaşıl keçid, bərpaolunan enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT) və enerji təhlükəsizliyi istiqamətində tərəfdaşlıq imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, tərəflər regiondakı cari vəziyyəti, münaqişədən sonrakı reallıqları, həmçinin Azərbaycan-Ermənistan normallaşma və sülh prosesini müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarına keçmiş münaqişənin tarixi, Azərbaycan torpaqlarının işğalı və onun fəsadları barədə məlumat verib, hazırda regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün ölkəmiz tərəfindən atılan addımlardan bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

19:40

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Moderator.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər naziri Anita Anand ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılıb və A. Anand bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu səhər mən Azərbaycanın xarici işlər naziri C. Bayramov ilə Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım", - o yazıb.

Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı proseslər və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər