Siyasət
209
13:24, Bu gün

"Ermənilərin əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər" – İcma sədrindən İrəvana ÇAĞIRIŞ

"Ermənilərin işğaldan azad edilmiş ərazilərdə guya "erməni irsinin dağıdılması" barədə yaydıqları ənənəvi iddiaların özü bir daha bu yanaşmanın əsassız olduğunu göstərir. Çünki söhbət 30 il işğal altında saxlanılan, bir milyona yaxın azərbaycanlının öz doğma yurdundan didərgin salındığı Azərbaycan ərazilərindən gedir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında deputat, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.
 
O bildirib ki, işğal dövründə həmin Azərbaycan ərazilərində kənd və şəhərlər tamamilə dağıdılıb, yaşayış evləri sökülüb, məscidlər məhv edilib, məzarlıqlar təhqir olunub, qəbirlər qazılaraq insan qalıqları ətrafa səpələnib:
 
"Belə bir vəziyyətdə Azərbaycanın guya "erməni mədəni irsini" dağıtmaqda ittiham olunması riyakarlıqdan başqa bir şey deyil. Əvvəlcə törədilən dağıntıların və cinayətlərin məsuliyyəti qəbul edilməlidir. "Erməni mədəni irsi" iddiaları tarixi faktlarla da ziddiyyət təşkil edir.
 
Tarixi mənbələr göstərir ki, ermənilərin bu coğrafiyaya kütləvi köçü XIX əsrdə, Türkmənçay müqaviləsindən sonra baş verib. Bu səbəbdən daha qədim dövrlərə aid mədəni irs nümunələrinin mənimsənilməsi cəhdləri əsassızdır".
 
Ə.Ələkbərli əlavə edib ki, son iki əsr ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara və zorakılıqlara məruz qalıb:
 
"Bu proseslər təkcə insanlara qarşı deyil, həm də mədəni irsə, tarixə, toponimlərə və milli dəyərlərə qarşı yönəlib. Qərbi Azərbaycan ərazisində 734 qəbiristanlıq üzrə monitorinq aparmışıq. Onlardan 201-i üzrə faktlar sənədləşdirilib. Məlum olub ki, 12 qəbiristanlığın üzərindən yollar çəkilib, 16-sının yerində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sı dəyişdirilərək erməni qəbiristanlığı kimi istifadə olunur, 67-si vandalizmə məruz qalıb, digərlərində isə müxtəlif tikinti və təsərrüfat işləri aparılıb".
 
Onun sözlərinə görə, İrəvanda vaxtilə mövcud olmuş çoxsaylı məscidlərdən bu gün yalnız Göy məscidin bir hissəsi qalıb:
 
"1829-cu ildə İrəvanda 12 məscid qeydə alınıb. Bu gün onlardan yalnız biri qismən mövcuddur və o da fərqli kimlik altında təqdim edilir. İrəvan yaxınlığındakı Pir Hüseyn türbəsi bu gün başqa xalqa aid abidə kimi təqdim olunur. Bu isə tarixi faktların təhrifidir".
 
Ə.Ələkbərli qeyd edib ki, hazırda regionda sülh prosesinin davam etdiyi bir vaxtda qarşılıqlı etimadın formalaşması vacibdir:
 
"Azərbaycanda hər kəs bölgədə davamlı sülhün tərəfdarıdır. Lakin bunun üçün Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış hüququnu tanımalıdır. Əks halda əsassız ittihamların davam etdirilməsi vəziyyəti daha da gərginləşdirə bilər".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər