“Məktəblərimiz yalnız dərs keçməklə kifayətlənib insan yetişdirməsə- zorakılıq qaçılmazdır...”
Elm və Təhsil
343
14:44, Bu gün

“Məktəblərimiz yalnız dərs keçməklə kifayətlənib insan yetişdirməsə- zorakılıq qaçılmazdır...”

“Türkiyədə müzakirə olunan  qadağalar telefon istifadəsinə məhdudiyyəti,  sosial media nəzarəti  nəzərdə tutur. Belə qadağaların qısa müddətdə təsiri olur, uşaqların  riskli kontentə çıxışı  azalır, impulsiv davranış zəifləyir.  Amma...”
 
“Azərbaycanda nazirliyin tətbiq etdiyi “Məktəblinin dostu” layihəsi  tam fiaskoya uğradı. Bu layihə məktəb mühitinə, təlim –tərbiyə prosesinə heç nə verə bilmədi, boş yerə büdcədən milyonlarla vəsait israf edildi. İllərdir böyük təqdimatlarla ictimaiyyətə göstərilən həmin layihə indi haradadır?  
 
“Bu problemləri yalnız qadağa ilə həll etmək  mümkün deyil. Uşaqlara alternativ model verilməlidir...”
 
“Problemin  psixoloji  istiqamətdə həlli  üçün  məktəbdə psixoloji xidmət gücləndirilməlidir. Məktəblərdə psixoloqların sayı  əhəmiyyətli dərəcədə  artmalıdir. Məktəb psixoloqları hadisələrə erkən müdaxilə etməklə münaqişələrin qarşısını ala bilməlidirlər...”
 
“Son illər  bir çox ölkələrdə, eləcə də Azərbaycanda məktəblilər arasında aqressiya və  qəddarlıq hallarının  artması müşahidə edilir. Məktəblərdə artan aqressiya, zorakılıq və anormal   davranış hallarının qarşısının alınması, təhlükəsiz təhsil mühitinin formalaşdırılması,  şagirdlərin sosial-emosional inkişafının təmin edilməsi ciddi problem olmuşdur. Məktəbdə zorakılıq, həmyaşıdına qarşı qəddar davranış, sosial mediada zorakılığın adiləşməsi daha epizodik hadisə deyil”.
Bunu Moderator.az-açıqlamasında tanınmış təhsil eksperti, Azərbaycan Dğvlət Pedaqoji Universitetinin dosenti, İKT mütəxəssisi İlham Əhmədov söyləyib.
 
“Bəs bu  fərdi problemdir,  yoxsa, yeni  yaranan sosial-psixoloji reallıqdır?” –deyə sual edən alim belə bir cavabı dilə gətirir: 
 
“Əslində əvvəllər də məktəblərdə  zorakılıq halları olurdu. Amma bu gün vəziyyət tam fərqlidir,  indi davranışlar daha ekstremaldır.  Cinayətkarların yaşı daha  azdır,  hadisələr daha sürətlə  baş verir. Pis nümunələr  də tez yayılır (media və internet vasitəsi ilə).   
Bu  yaranmış  problemləri yalnız  uşağın tərbiyəsizliyi ilə izah etmək  düz olmazdı.  Burda  səbəblər çoxdur. Psixoloji və sosial səbəblər kimi  cəmiyyətdə  emosional tərbiyənin zəif olmasını,  ailədaxili konfliktlərin artmasını, diqqət və nəzarət çatışmazlığını qeyd edə bilərik.  Məktəb mühitində  müəllim-şagird münasibətlərinin formallaşması,  psixoloji xidmətlərin zəifliyi, konfliktlərin vaxtında  və düzgün idarə olunmaması  da mühüm rol oynayır...  
Ən mühüm amil isə  rəqəmsal mühitin sürətlə genişlənməsi və bunun nəzarətdən kənar qalmasıdır.  Bu gün uşaqlar  yaşlarına uyğun olmayan zorakı məzmunlu  kontentlər  izləyir, aqressiv davranış modellərini təkrarlayır, sosial mediada “şok effekti” üçün  neqativ tipli  davranışlar edir.  Bu  zaman  mənfi davranış  adiləşir,  normallaşır, təkrarlanır, yayılır.  Bura  nəzarətsiz kompüter (telefon)  oyunları   və medianın da  ziyanlı təsirini əlavə edə bilərik. Nəzarətsiz  kompüter oyunları bir   çox hallarda  zorakılığı təbliğ edir, neqativ  davranışı stimullaşdırır...” 
 
Ekspert bəzi ölkələrdə mobil telefon və kömpüterlərdə uşaq və yeniyetmələr üçün müəyyən qadağaların tətbiq edilməsinə də münasibət bildirib.
 
“Yaranmış vəziyyətlə əlaqədar  bəzi ölkələrdə qadağalar tətbiq edilməyə başlanılmışdır. Məsələn, Türkiyədə artıq qadağalar tətbiq edilir.  Türkiyədə müzakirə olunan  qadağalar telefon istifadəsinə məhdudiyyəti,  sosial media nəzarəti  nəzərdə tutur. Belə qadağaların qısa müddətdə təsiri olur, uşaqların  riskli kontentə çıxışı  azalır, impulsiv davranış zəifləyir.  Amma problem  budur ki,  belə qadağalar  səbəbi yox,  nəticəni hədəfləyir. Bu halda uşaqlar alternativ yollar tapır, problem gizli formada davam edir. Reallıq isə budur ki,  texnologiya problem  yaratmır, sadəcə mövcud problemi gücləndirir”, -deyə mütəxəssis nəzərə çatdırıb. 
 
Təhsil ekspert hesab edir ki, bu problemin bir səbəbi də  cəmiyyətdəki emosional savadsızlıqdır:    
 
Müasir təhsilin zəif nöqtəsi emosiyaların idarə edilməməsi,  empatiyanın, ziddiyyətlərin  həll  bacarıqlarının zəif olmasıdır.  Çıxış yolu problemin  həllinə  kompleks  yanaşma ola bilər.  Bu problem yalnız bir vasitə ilə həll edilə bilməz. Problemin  həlli  pedaqoji, psixoloji,  texnoloji, sosial istiqamətləri əhatə etməlidir. Bunun üçün yeni model yaradıla bilər.  Problemin  pedaqoji   istiqamətdə həlli emosional intellekt amilini önə çəkir.  Müəllim və şagirdlərin emosional intellekt sahəsində maariflənməsi vacibdir: hisslərin tanınması, aqressiyanın idarə olunması, empatiya... 
Davranış əsaslı kurikulum hazırlanmalı və məktəblərdə  tətbiq edilməlidir. Bu kurikulum konflikt həlli, sosial bacarıqlar, riskli davranışın  təhlilini əhatə edə bilər.  
Problemin  psixoloji  istiqamətdə həlli  üçün  məktəbdə psixoloji xidmət gücləndirilməlidir. Məktəblərdə psixoloqların sayı  əhəmiyyətli dərəcədə  artmalıdir. Məktəb psixoloqları hadisələrə erkən müdaxilə etməklə münaqişələrin qarşısını ala bilməlidirlər...” 
 
Həmsöhbətimiz Azərbaycanda məktəblilərlə bağlı baş verən sonuncu olaylardan biri üzərində xüsusi dayanıb:
 
“Bəzən  elə hadisələr olur  ki,  xəbər kimi yox, bütöv bir sistemin aynada əksi kimi görünür.  Bakı məktəblərindən birində baş verən hadisə də məhz belədir. Bir şagirdin digər şagirdin üstünə yandırıcı maddə töküb,  onu alovlandırması artıq sadəcə məktəbdaxili   insident deyil. Bu, insanı sarsıdan, düşündürən və ən əsası, ciddi suallar doğuran bir siqnaldır... Mən belə bir hadisə heç vaxt (nə bizim məktəblərdə, nə də başqa ölkələrin məktəblərində)  eşitməmişdim.  Bu qədər qəddar  bir davranışın məktəb mühitində ortaya çıxması təsadüfi  deyil. Bu “birdən-birə” yaranan fikir də deyil. Bu haradasa formalaşan, nəzarətsiz qalan, vaxtında qarşısı alınmayan bir davranışın nəticəsidir. 
 
Bu hadisə məktəblərdə şagirdlərin az olması fonunda baş verib,  belə ki, şagirdlərinin çoxu  dərsdən “icazəli yayınıb” repetitor yanında olurlar.  Biz bu kimi hadisələrdə məktəbin  təlim-tərbiyə  prosesinin, davamiyyətin pozulmasının    xüsusi  rol oynadığını qeyd etmək istəyirik. Məktəb artıq özünün bir çox  mühüm funksiyalarını itirib.  Xüsusən son 10  ildə bu aydın görünür... 
 
Bu hadisə bir həqiqəti də açıq göstərdi ki, təhsil yalnız dərs deməkdən ibarət deyil. Təhsil həm də mühit yaratmaqdır, davranış formalaşdırmaqdır, təhlükəsizliyi təmin etməkdir. Əgər bu komponentlərdən biri zəifdirsə, digərləri nə qədər güclü olsa da, sistem balansını itirir...  
 
Hadisənin  digər pis  tərəfi də budur ki, belə hadisələr baş verəndə biz çox vaxt onu “istisna” kimi qəbul etməyə çalışırıq. Halbuki, bu istisna yox, ciddi xəbərdarlıqdır. Bu, təhsil  sistemində ciddi boşluq yarandığını göstərən açıq siqnaldır...”
 
Pedaqoq baş verənlər fonunda son illər təhsil sahəsində tətbiq edilən layihələrin uğursuzluğuna da diqqət çəkib: 
 
“ “Məktəblinin dostu” layihəsi  tam fiaskoya uğradı. Bu layihə məktəb mühitinə, təlim –tərbiyə prosesinə heç nə verə bilmədi, boş yerə büdcədən milyonlarla vəsait israf edildi. İllərdir böyük təqdimatlarla ictimaiyyətə göstərilən həmin layihə indi haradadır?  Məktəbdə təhlükəsiz mühit yaratmaq, şagird davranışlarını izləmək, riskləri vaxtında   müəyyənləşdirmək kimi məqsədlər bu layihənin  əsas vəzifəsi deyildimi? Əgər  belə hadisələr  baş verirsə, onda  deməli bu layihənin mexanizmləri  yarımçıqdır, işləmir.   Bu lazımsız ştatların əvəzinə bəlkə məktəb psixoloqlarının sayını artıraq?...”  
 
Təhsil eksperti hesab edir ki, problemin həllinin digər istiqaməti  elmi və texnoloji   vasitələrdən düzgün istifadədir:
 
“Şagirdlərin riskli hərəkətlərini  müəyyənləşdirmək, sistemləşdirmək,  onları davamlı müşahidələr etmək,  proseslərin monitorinqini  aparmaq  məqsədəuyğundur. Bütün bu proseslər davranışların  təhlilinə, bu  yolla  erkən xəbərdarlıq sistemi qurmağa,  riskli şagirdləri  müəyyən etməyə imkan verəcəkdir. Bu məqsədlə müasir texnologiyalardan, o cümlədən rəqəmsal davranış platformasından istifadə  mümkündür. Bu şagird  fəallığının izlənməsinə,  risk siqnallarını təyin etməyə,  müəllimlər üçün  təhlil paneli yaratmağa  imkan verə bilər.  Bütün bunlarla paralel  kontent filtrasiya sistemləri (yaşa uyğun olmayan media və təhlükəli kontentin bloklanması) də tətbiq edilməlidir. 
 
Problemlərin həllinə  elmi-konseptual, intellektual yanaşma  olmalıdır.   Nəzarətdən çox, yönləndirmə olmalıdır.  Yalnız qadağa ilə bu problemləri həll etmək  mümkün deyil.  Yaxşı olardı ki,  uşağa alternativ  model verilsin, səhv davranışı izah edilsin, öz hərəkətlərini idarə etmək  öyrədilsin...” 
 
Alim təhlükəsiz məktəb ekosistemi  yaradılmasına xüsusi önəm verərək belə deyir:  
 
“Bu sistemdə  müəllim fasilitator(bələdçi, yolgöstərən, asanlaşdıran), psixoloq fəal iştirakçı, texnologiya monitorinq aləti,  şagird isə passiv yox, şüurlu iştirakçı olmalıdır.  Əgər məktəb yalnız dərs keçməklə kifayətlənib insan yetişdirməsə, onda zorakılıq qaçılmazdır. Bu gün biz iki yoldan birini  seçməliyik: əgər qadağalar, reaksiyalar, gecikən  müdaxilə modeli  qalacaqsa, problem davam edəcəkdir.   Yox, əgər sistemli yanaşma, pedaqoji  və texnoloji  həllər, erkən profilaktika tətbiq edilcəksə,  onda tədricən   təhlükəsizlik məktəb mühiti formalaşacaqdır... 
Konkret ölkəmizə gəldikdə, bir suala dürüst cavab verib onun üzərində ciddi düşnüməliyik: “Biz məktəbdə   bilik veririk, yoxsa insan formalaşdırırıq?” Gerçək cavab odur ki, Azərbaycanda məktəb daha bilik vermir,  şagird repetitorun  yanında  əzbərçiliklə məşguldur.  Məktəb  davamiyyətin pozulmasına rəvac verdiyi üçün, məktəbdə təlimlə yanaşı, tərbiyə sistemi də çöküb.  Bu halda isə  belə hadisələrin yenə də  təkrarlanması  təəccüblü olmayacaq. Çünki nəzarətsiz qalan mühitdə riskli davranış gec-tez ortaya çıxır...”  
 
“Bu ciddi problemin həlli yönündə  elmi bazada  xüsusi proqramlar, strategiyalar hazırlanmalı, sistemli fəaliyyətlər aparılmalı, beynəlxalq təcrübə öyrənilməli və tətbiq edilməlidir.  
Görünən odur ki, əgər təhsil  sistemində  tezliklə ciddi  qayda-qanun yranmasa, təsadüfi  kadrlar bu  sistemdən təmizlənməsə, onda   təhsildə  belə  insidentlər hələ çox  olacaq. Biz uşaqları qorumalıyıq,  problemi gizlətməli deyilik. Bu halda gələcək cəmiyyətimiz daha yaxşı ola bilər”, - deyə İlham Əhmədov vurğulayıb.  
 
Sultan Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər