Sağlamlıq
251
21:45, Bu gün

"Superbakteriyalar" yeni qlobal təhlükəyə çevrilir: 2050-ci ilə qədər 39 milyon insan ölə bilər" - Alimlər həyəcan təbili çalır

"Antibiotiklərə davamlı bakteriyalar yaxın onilliklərdə milyonlarla insanın ölümünə və qlobal iqtisadi böhrana səbəb ola bilər..."

Moderator.az xəbər verir ki, bu barədə "Euronews" nəşri yazıb.

Antibiotiklər təsirini itirir

Nəşrin "The Big Question" proqramında çıxış edən Yaponiyanın "Shionogi Europe" şirkətinin Fransa üzrə  rəhbəri Estel Früşe bildirib ki, dünya təcili şəkildə yeni antibiotiklərə ehtiyac duyur. Onun sözlərinə görə, bakteriyalar zamanla mutasiyaya uğrayaraq antibiotiklərə qarşı davamlı olur və nəticədə mövcud dərmanlar təsirini itirir.

Mütəxəssislər uzun illərdir antibiotiklərin nəzarətsiz istifadəsinin təhlükəli olduğunu vurğulayırlar. "25 il əvvəl hətta adi öskürək zamanı belə antibiotik yazılırdı. Dərmanlardan nə qədər çox istifadə olunursa, bakteriyalar da onlara qarşı bir o qədər davamlı olur", - Estel Früşe bildirib.

Hər il milyonlarla insan ölür

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, antibiotiklərə davamlı infeksiyalar hər il Avropa İttifaqında 35 mindən çox insanın ölümünə səbəb olur. Qlobal miqyasda isə bu rəqəm artıq ildə təxminən 1,3 milyon nəfərə çatır. "The Lancet" jurnalında dərc olunan araşdırmaya əsasən, vəziyyət dəyişməsə, 2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalar ümumilikdə 39 milyon insanın həyatına son qoya bilər.

Ekspertlər xəbərdarlıq edir ki, problem yalnız səhiyyə ilə məhdudlaşmır. Xəstəxanada qalma müddətinin uzanması, əmək qabiliyyətinin azalması və müalicə xərclərinin artması dünya iqtisadiyyatına da ciddi zərbə vurur. Hazırda antibiotiklərə davamlılıq Avropaya ildə təxminən 12 milyard avroya başa gəlir. 

Gələcəkdə isə əlavə səhiyyə xərclərinin ildə 412 milyard dollara çatacağı proqnozlaşdırılır. Məhsuldarlığın azalması səbəbindən dünya iqtisadiyyatının hər il daha 443 milyard dollar itirə biləcəyi bildirilir. Bəzi proqnozlar isə daha ağır ssenaridən danışır - qlobal səhiyyə xərcləri 1 trilyon dollara qədər arta, dünya ÜDM-i isə ildə 3,8 faiz azala bilər.

Əczaçılıq şirkətləri antibiotiklərdən uzaqlaşır

Mütəxəssislərin sözlərinə görə, problemin ən təhlükəli tərəflərindən biri yeni antibiotiklərin hazırlanmasına marağın azalmasıdır. Çünki belə dərmanların hazırlanması çox baha başa gəlir və kommersiya baxımından kifayət qədər gəlirli sayılmır. Bir antibiotikin hazırlanması orta hesabla 1 milyard avro tələb edir və bu proses 10-15 il davam edir. Layihələrin 95 faizi isə uğursuzluqla nəticələnir.

Bu səbəbdən bir çox əczaçılıq şirkəti antibiotik araşdırmalarını dayandırıb. Böyük Britaniya isə vəziyyətdən çıxış yolu kimi "Netflix modeli" adlandırılan yeni sistemi sınaqdan keçirir. Bu modelə əsasən, dövlət səhiyyə sistemi dərman şirkətlərinə istifadə həcmindən asılı olmayaraq sabit ödəniş edir ki, onlar yeni antibiotiklərin hazırlanmasına maraqlı olsunlar.

Estel Früşe hesab edir ki, belə model digər ölkələrdə də tətbiq edilə bilər. Onun fikrincə, antibiotiklərə davamlılıqla mübarizə üçün hökumətlər, həkimlər və əczaçılıq sektoru birlikdə hərəkət etməlidir. "Bakteriyalar sərhəd tanımır. Buna görə də beynəlxalq əməkdaşlıq vacibdir", - deyə o vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər