Bizi sosial şəbəkələrdən izləyin:
Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər.
Bu barədə ekspert Klaudia Meyreles "Metropoles" nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib.
Mütəxəssisin bildirdiyinə görə, müəyyən qida növlərinin mütəmadi istehlakı xroniki iltihabın səviyyəsini artırır. Bu isə zamanla daxili orqanların fəaliyyətinə mənfi təsir göstərərək müxtəlif ağır xəstəliklərin inkişafına zəmin yaradır.
Potensial olaraq iltihab yaradan qidaların siyahısına ultra-emal olunmuş məhsullar, yüksək şəkər tərkibli qidalar, həmçinin emal edilmiş yağlar və fastfudlar daxildir. Ekspert bildirir ki, bu növ qidaların mütəmadi qəbulu orqanizmdə xroniki iltihab vəziyyətini daim aktiv saxlayır.
Bundan əlavə, spirtli içkilərdən həddindən artıq istifadə sağlamlığa ciddi təhlükə yaradır. Bu zaman xüsusilə qaraciyər zərər görür və bağırsaq problemləri yaranır. Məqalədə qeyd olunur ki, tərəvəzlərin, meyvələrin və faydalı yağların üstünlük təşkil etdiyi balanslaşdırılmış qidalanma iltihab proseslərini azaltmağa və orqanizmi sağlam saxlamağa kömək edir. /Oxu.az/