Latviya Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.
Azərbaycan və Latviya arasındakı münasibətlər qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə davamlı inkişaf yolu keçib və Prezident cənab İlham Əliyevin 2017-ci ilin iyul ayında bu ölkəyə səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə bu əlaqələr yeni mərhələyə qədəm qoyub.Torpaqlarımız işğal altında olduğu dönəmdə Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ölkələrdən biri olması da önəm kəsb edən məqamlardandır.
Xüsusilə qeyd edilməlidir ki, cari ilin mart ayında Prezident İlham Əliyev ilə Latviya Prezidenti Edqars Rinkeviçs arasında qarşı tərəfin təşəbbüsü ilə baş tutan telefon danışığı və Latviya Prezidenti tərəfindən nümayiş olunan dəstək iki ölkə arasındakı yüksək səviyyəli siyasi dialoqun göstəricisidir. Qeyd edilməlidir ki, Latviya tərəfi Azərbaycanın Orta dəhlizdə, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər olaraq qiymətləndirir.
Prezidenti Edqars Rinkeviçsin Azərbaycana hazırkı rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər, müzakirələr, Biznes Forum, habelə imzalanan sənədlər iki dövlət arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açdığını deməyə əsas verir. Bu səfər həm ikitərəfli münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi, həm də Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi körpülərin qurulması üçün real zəmin yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Baltikyanı dövlətlərlə əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırıb və Latviya Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.
Səfər çərçivəsində prezidentlərin mətbuata bəyanatları zamanı Prezidenti İlham Əliyev çıxışında iki ölkə arasındakı münasibətlərin səmimi və dostluq mühitində inkişaf etdiyini vurğulayaraq, Latviya Prezidenti ilə uzun illərə dayanan şəxsi tanışlıq və qarşılıqlı etimadın münasibətlərin dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev iqtisadi əlaqələrin intensivləşdirilməsinə xüsusi yer ayırdı. Heç şübhəsiz, səfərdən bir müddət əvvəl Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir. Ticarət dövriyyəsinin hazırkı səviyyəsinin tərəfləri qane etmədiyini diqqətə çatdıran cənab İlham Əliyev bu səfər çərçivəsində keçirilən biznes-forumun ticarət həcmini artırmaq üçün əhəmiyyətli rol oynaya biləcəyini qeyd etdi.
Prezident İlham Əliyev Biznes Forumdakı çıxışında Azərbaycanın son illərdə keçdiyi iqtisadi inkişaf yolunu və gələcək iqtisadi strategiyamızı konkret rəqəmlərlə ifadə etdi. Ölkəmizin iqtisadi, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurlar qarşdan gələn illərdə Latviya biznesi üçün də yeni imkanlar aça bilər.
Azərbaycanın "açıq dənizə çıxışı olmayan ölkə"dən "beynəlxalq nəqliyyat qovşağına" çevrilməsi artıq reallıqdır və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. İndi əsas hədəf bu dəhlizlərin rəqəmsallaşdırılması yolu ilə daşımaların sürətləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılmasıdır. Bu xüsusda, Ələt Azad İqtisadi Zonası Latviya investorları üçün əlverişli platforma kimi ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər.
Dövlət başçısının toxunduğu mühüm detallardan biri də, Azərbaycanın aviasiya sahəsindəki üstünlükləridir. Belə ki, qlobal enerji böhranı və aviayanacaq çatışmazlığı fonunda Azərbaycanın hava yolları infrastrukturunun sabitliyi və resurs təminatı ölkəmizi mühüm bir tranzit qovşağına çevirir. Bu baxımdan birbaşa uçuşların bərpası və genişləndirilməsi həm turizm, həm də biznes əlaqələri üçün yeni üfüqlər açır.
Latviya Prezidenti Edqars Rinkeviçsin səfər zamanı öz çıxışlarında Azərbaycanın regiondakı və Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirməsi, ölkəmizin həm iqtisadi, həm də siyasi çəkisinin artdığını vurğulaması diqqət çəkən məqamlardandır. Prezident Rinkeviçs həmçinin əməkdaşlıq üçün spesifik sahələri sadalayaraq, Latviyanın bir "meşə ölkəsi" kimi meşə ehtiyatlarının idarə olunması və bərpası sahəsində zəngin təcrübəyə malik olduğunu, bu təcrübənin hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun "yaşıl zona" elan edilməsi və yenidən qurulması prosesində ölkəmiz üçün çox faydalı ola biləcəyini qeyd etdi.
Səfər çərçivəsində iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi üçün vacib addımlar atıldı. Belə ki, dövlət başçıları tərəfindən qəbul olunmuş Birgə Bəyanat və imzalanmış sənədlər - “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı” istər siyasi, istərsə də qeyd olunan sahələr üzrə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Latviya Prezidentinin Bakı səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın sadəcə kağız üzərində deyil, real siyasi və iqtisadi müstəvidə də inkişafı üçün geniş imkanlar olduğunu nümayiş etdirdi. Azərbaycan və Latviya coğrafi baxımdan fərqli regionlarda yerləşsələr də, eyni dəyərləri – suverenlik, beynəlxalq hüququn aliliyi, iqtisadi müstəqillik və regional sabitlik prinsiplərini paylaşırlar. Ümid edirik ki, Bakıda əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər və qurulan biznes əlaqələri yaxın illərdə Azərbaycanla Latviya arasında qarşılıqlı maraq doğuran sahələrdə münasibətlərin inkişafına mühüm töhfə verəcəkdir.