Kanada aviaşirkətləri ABŞ və İsrailin İranla münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması səbəbindən uçuşları ləğv etməyə başlayıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib.
Bildirilib ki, "Air Transat" şirkəti may ayından oktyabr ayına qədər əsasən Avropa və Karib regionu ölkələrinə uçuşların təxminən 6% azaldığını elan edib. Bu tədbir min aviareysi əhatə edəcək.
"WestJet" aviadaşıyıcısı aprel ayında reyslərin 1%-ni, may ayında 3%-ni, iyun ayında isə 6%-ni ləğv edəcək.
"Air Canada" şirkəti artıq iqtisadi cəhətdən əsaslandırılmayan 6 Şimali Amerika marşrutunun dayandırıldığını elan edib. Azalma bütün reyslərin təxminən 1%-ni əhatə edəcək.
Eyni zamanda bu sahənin mütəxəssisləri qeyd edirlər ki, Avropa ölkələri ilə müqayisədə Kanadada vəziyyət o qədər də acınacaqlı deyil. Çünki daxili uçuşlar üçün aviasiya yanacağının 85%-i yerli neft emalı zavodları tərəfindən istehsal olunur.