"ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatların səbəb olduğu enerji problemi dünya tarixinin ən böyük böhranıdır".
Moderator.az TASS-a istinadla bildirir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.
Qurum rəsmisinin fikrincə, yaxın tarixdə üç əsas enerji böhranı yaşanıb: 1973 və 1979-cu illərdə qeydə alınan iki neft, həmçinin 2022-ci ildəki qaz böhranı:
"Əvvəlki neft böhranları zamanı qlobal bazar gündəlik orta hesabla 5 milyon barel itirirdisə, mövcud vəziyyətdə bu rəqəm gündə 13 milyona yüksəlib. Bununla yanaşı 2022-ci ildə qaz bazarında 75 milyard kubmetr itki qeydə alınıb və 2026-cı il üçün bu göstəricinin 100 milyarda çatacağı proqnozlaşdırılır".
Sinqapurda ABŞ-nin CNBC telekanalının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən F.Birol qeyd edib ki, neft və qazdan əlavə olaraq helium, kükürd, gübrə və neft məhsulları kimi mühüm ehtiyatların da tədarükündə kəskin yubanmalar müşahidə edilir:
"Bu vəziyyət qlobal təchizat zəncirlərinə ciddi təsir edəcək. Yaxın həftələr və aylar ərzində dünya bu problemlərlə qarşı-qarşıya qalacaq. Bütün qeyd olunanları nəzərə aldıqda hazırda həqiqətən də irimiqyaslı bir enerji böhranı yaşayırıq".