Qubada qadın gecəyarı hoteldən qaçıb başqasına sığındı — Əri döyürmüş
Kriminal
363
11:13, Bu gün

Qubada qadın gecəyarı hoteldən qaçıb başqasına sığındı — Əri döyürmüş

Yeni il gecəsi Qubanın tanınmış otellərində birində baş tutan bayram şənliyi gözlənilməz sonluqla bitib. Şən ovqatla başlayan istirahət ailə dramına çevrilərək məhkəmə zalında yekunlaşıb.
 
Hadisə ötən ilin dekabrın 31-də “Macəra” hotelində qeydə alınıb. Bakı sakini Kamil (adlar şərtidir) həyat yoldaşı Günəşlə bayramı qeyd etmək üçün rayona yollanıb. Lakin gecə saatlarında hotelin restoranında başlayan narazılıq otaqda fiziki zorakılığa qədər böyüyüb. İddiaya görə, mübahisəyə səbəb kişinin restoranda tanımadığı bir uşağa 50 manat pul verməsi və uşağın atasının onlara yaxınlaşaraq tanışlıq verməsi olub.
 
Kamil məhkəmə ifadəsində həmin vaxt spirtli içki qəbul etdiyini və həyat yoldaşının bu səmimiyyəti qısqanclıqla qarşıladığını bildirib. Onun sözlərinə görə, saat 23:45 radələrində otağa qalxan xanımının arxasınca gedib və orada yaranan qarşıdurma zamanı əsəblərinə hakim ola bilməyib. Təqsirləndirilən şəxs mübahisə zamanı qadını itələdiyini, bədəninin müxtəlif nahiyələrinə əl və təpiklə zərbələr endirdiyini etiraf edib.
 
İş üzrə ifadə verən Kamil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Günəş ilə ötən ilin mayın 2-də rəsmi olaraq nigaha daxil olub, münasibətləri daima normal olub:
 
“Lakin ailə münasibətlərimiz zəminində arada mübahisələrimiz olub. Həmin ilin dekabrın 31-də həyat yoldaşıma məxsus “Mercedes” markalı avtomobillə Bakı şəhərindən çıxaraq Quba rayonunda yerləşən “Macəra” hotelinə istirahət üçün gəldik. Həmin günü axşam saatlarında hotelin restoranında yemək yedik. Orda olan tanımadığım azyaşlı oğlan uşağına 50 manat pul verdim. Bundan sonra azyaşlı uşağın atası yanıma gələrək tanışlıq verdi və ailəvi olaraq restoranda gələcək günlərdə yemək yeyə biləcəyimizi bildirdi. Mən yemək yeyən zaman təxminən 200-300 qram spirtli içki olan araq qəbul etdim. Mənim həmin şəxslə səmimi münasibətimə həyat yoldaşım Günəş aqressiv münasibət bəslədi və qısqandı”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin günü saat 23:45-də Günəş əsəbi şəkildə stoldan durub və rezerv etdikləri otağa qalxıb: “Mən də yeni il qarşılandıqdan sonra otağa gəldim. Otağa daxil olandan sonra Günəşdən niyə belə hərəkət etdiyini soruşdum, aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı Günəş üzərimə gəldi və məni otaqdan çıxarmağa çalışan zaman onu əlimlə itələdim. Eləcə də bədəninin müxtəlif nahiyyələrindən əl və təpiklə vurdum”.
 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşiman olduğu, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün dəfələrlə cəhd etdiyini bildirib.
 
İş üzrə zərərçəkmiş Günəşin sözlərinə görə, Kamil ilə rəsmi olaraq nigaha daxil olub: “Kamil özünü mədəni ailənin üzvü kimi və dənizdə işləyən şəxs kimi təqdim etdi. Lakin o, mütəmadi olaraq məni incitdi, mənimlə nahaqdan mübahisələr etdi”.
 
Zərərçəkmiş qeyd edib ki, ötən ilin  dekabrın 31-də, saat 13 radələrində Kamilə ilə birlikdə özünə məxsus avtomobil ilə Quba rayonuna gəlib: “Biz Quba rayonu ərazisində yerləşən “Macəra” hotelinə yerləşdik. Orda bayram şənliyində restoranda iştirak etdik. Kamil artıq həmin günü saat 23 radələrində aşırı dərəcədə sərxoş oldu. Həmin ərəfədə yorulduğum üçün hotelin özümüzə nə məxsus rezerv elədiyimiz otağına keçdim. Bundan sonra Kamil arxamca otağa gəldi. O, aqressiv şəkildə üzərimə gələrək sinə nahiyyəmdən əlləri ilə itələdi, daha sonra ayaq və bədənimin müxtəlif nahiyyələrindən yumruqla, təpiklə vurdu. Mən Kamilin əlindən çıxaraq Quba rayonunda yerləşən “Retro” hotelinə gedərək orada gecələdim”.
 
Qadın ifadəsində göstərib ki, səhəri günü oradan çıxaraq yaşadığı Bakı şəhərinə gedib: “Bu ilin yanvarın 4-də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim və dekabrın 31-də Quba rayonunda döyülməyim barədə məlumat verdim. Əməli törətmiş şəxslə barışmamışam. O, evlənmədən öncə mənə yalan vədlər verib. Evləndiyim vaxtdan mənə dəfələrlə əl qaldırıb”.
 
Quba Rayon Məhkəməsinin hökmü ilə Kamil aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. /demokrat.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər