SOCAR yeni brendini təqdim etdi - FOTO
İqtisadiyyat
262
15:53, Bu gün

SOCAR yeni brendini təqdim etdi - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adının təqdimatı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Bildirilib ki, qurum fəaliyyətini Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi (Caspian Training and Certification Center - CTCC) adı altında davam etdirəcək. Təqdimat mərasimində dövlət qurumlarının nümayəndələri, sənaye və enerji sahəsində fəaliyyət göstərən tərəfdaş şirkətlərin rəhbər şəxsləri, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər iştirak ediblər.
 
Əvvəlcə Mərkəzin fəaliyyətini əks etdirən təqdimat edilib və videoçarx nümayiş etdirilib.
 
Tədbir çərçivəsində təşkil olunan xüsusi stendlərdə qonaqlara CTCC-nin fəaliyyət istiqamətləri, beynəlxalq standartlara uyğun həyata keçirilən təlim proqramları, sertifikatlaşdırma imkanları, texniki və praktiki hazırlıq infrastrukturu barədə ətraflı məlumat verilib. İştirakçılar mərkəzin əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, peşəkar inkişaf və texniki ixtisasların artırılması istiqamətində həyata keçirdiyi təlim proqramları ilə yaxından tanış olublar.
 
Sonra dövlət qurumları, sənaye və enerji sektorunda fəaliyyət göstərən şirkətlər ilə təlim və inkişaf istiqamətində sinerji mövzusuna həsr olunmuş panel müzakirəsi təşkil olunub.
 
Panel çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə, "SOCAR Downstream" MMC-nin Əməliyyat Texnologiyaları üzrə meneceri Bora Engin, "bp Azerbaijan" şirkətinin Səngəçal Terminalı üzrə Əməliyyatlar meneceri Zaur Məlikov və SOCAR-ın Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin rəisi Fuad Süleymanovun çıxışları dinlənilib.
 
Müzakirələrdə insan kapitalının inkişafı, beynəlxalq təcrübələrin tətbiqi, təlim və sertifikatlaşdırma sahəsində müasir yanaşmalar, eləcə də enerji sektorunda ixtisaslı kadr hazırlığının strateji əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər