Prezidentlər Qasım-Jomart Tokayevlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutan təkbətək danışıqların, eləcə də Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı yığıncağının yekunu olaraq iki ölkə arasında Əbədi Dostluq və Genişləndirilmiş Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Qazaxıstan" yayıb.
Rəsmi nümayəndə heyətləri tərəfindən aşağıdakı dövlətlərarası, hökumətlərarası və qurumlararası sənədlərin mübadiləsi həyata keçirilib:
- Qazaxıstan və Türkiyə Respublikaları arasında Mülki İşlər üzrə Hüquqi Yardım barədə 13 iyun 1995-ci il tarixli Müqaviləyə dəyişikliklərin edilməsini nəzərdə tutan protokol;
- Türkiyə və Qazaxıstan Hökumətləri arasında mədəniyyət mərkəzlərinin təşkili, fəaliyyəti və idarə olunmasına dair saziş;
- İki ölkənin hökumətləri səviyyəsində investisiyaların qarşılıqlı təşviqi və mühafizəsini özündə əks etdirən saziş;
- "TAV Holdinq"lə Qazaxıstan Respublikası Hökuməti arasında bağlanmış investisiya müqaviləsi;
- Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi arasında birgə "Abai-Akif" proqramının təsis edilməsi məqsədilə niyyət memorandumu;
- Türkiyənin Milli Təhsil Nazirliyi və Qazaxıstan Respublikasının Təhsil Nazirliyi arasında Qazaxıstanda Türkiyə "Maarif" Vəqfinə məxsus iki məktəbin açılışı ilə bağlı niyyət memorandumu;
- Türkiyə Radio və Televiziya Qurumu (TRT) ilə Qazaxıstan Prezident Administrasiyasının Təsərrüfat İdarəetmə Hüququ üzrə Respublika Dövlət Müəssisəsi olan "Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi" arasında əməkdaşlıq memorandumu;
- Çoxprofilli xəstəxana inşasının maliyyələşdirilməsinə dair əməkdaşlıq razılaşması;
- "Türkiye Petrolleri Anonim Ortaklığı" ilə "KazMunayQaz" SC arasında neft-mədən xidmətlərinin icrası üzrə əməkdaşlıq sazişi;
- Neft və qaz layihələrinin müştərək reallaşdırılması barədə "Türkiye Petrolleri Anonim Ortaklığı" və "KazMunayQaz" SC arasında Anlaşma memorandumu;
- İstanbul Maliyyə Mərkəzi və Astana Beynəlxalq Maliyyə Mərkəzi arasında Anlaşma memorandumu;
- "ANKA" pilotsuz uçuş aparatlarının istehsalını və texniki xidmətini həyata keçirəcək birgə müəssisənin qurulması haqqında saziş.
Türkiyə dövlət başçısının səfəri zamanı əlavə olaraq aşağıdakı sənədlərə də imza atılıb:
- Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID) arasında İnkişaf Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu;
- İstanbul Fond Birjası (Borsa Istanbul Anonim Şirketi) ilə Astana Beynəlxalq Birjası (Astana International Exchange Ltd.) arasında anlaşma memorandumu.