Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDI
İqtisadiyyat
144
12:05, Bu gün

Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDI

Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlayıb.
 
Moderator.az xəbər verir ki, Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb. Audit 2023-2025-ci illəri əhatə edib.
 
Bildirilib ki, bu dövrdə daxilolmalar 240.7 milyon manat, xərclər isə 238.8 milyon manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68.5 milyon manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5.7 mln. manat) və digər xərclərin artırılması (37.8 mln. manat) hesabına formalaşıb.
 
Audit zamanı müəyyən edilib ki, 24.6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda "Azərterminalkompleks" Birliyinin hesabında saxlanılıb.
 
İnzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib. Eyni zamanda 602.3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.
 
Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.
 
Yeni inzibati binanın tikintisi üzrə 17.9 milyon manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb. Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746.9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.
 
Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.
 
Auditin nəticələrinə əsasən 966.1 min manat dövlət büdcəsinə qaytarılıb, 828.2 min manat natura formasında bərpa edilib, 3.2 milyon manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər